Bakıda maşınlar yenidən bahalaşır - Qiymətlər

Dolların bahalaşmaqda davam etməsi avtomobil bazarında son bir ayda yenidən durğunluq yaradıb.

Avtomobil satıcıları bildirirlər ki, bir ay əvvəl az da olsa bazarda avtomobil satışı var idi. Məzənnə artımı ilə valyuta bazarında yaranan gərginlik yenidən avtomobil bazarına təsir göstərib. 

Nəticədə bazarda satışların tamamilə dayanmasına baxmayaraq, qiymətlər də artır. İkinci əl avtomobillərin qiyməti oktyabrın sonundan etibarən 15-20% bahalaşıb. 

Bazara çıxarılan avtomobillər 2 dəfə azalıb

Badamdar avtomobil bazarından satıcı Aley Şamilov bildirib ki, hazırda avtomobil satışında tamamilə səssizlikdir: "Avtomobil satışı şənbə və bazar günləri təşkil edilirdi. İndi yalnız bazar günləri satış olur”. 

O bildirib ki, satışların dayanması bazara çıxarılan avtomobillərin də sayının 2 dəfəyə yaxın azalmasına səbəb olub. Əvvəl bir gündə bazara 1500-2000 avtomobil çıxarılırdı. İndi bazarda 700-800 avtomobil olanda, bu, böyük rəqəm hesab edilir.

Nağd pulu olanlar gözləyir, kreditlə almaq isə mümkün deyil

Satıcının sözlərinə görə, durğunluğun əsas səbəbi dolların məzənnəsinin sabit olmaması və avtokreditlərin dayanmasıdır. Belə vəziyyətdə nağd pulu olan müştərilər gözləmə vəziyyətində qalırlar. Nağd pulu olmayan, kreditlə avtomobil almaq istəyən alıcı kütləsi üçünsə əlverişli şərait yoxdur. 

"Mercedes”, "Kia”, "Chevrolet” və "Hyundai”larda 1500-2500 manat bahalaşma olduğunu deyən A.Şamilov bildirib ki, satışların dayanmasına rəğmən dolların bahalaşmaqda davam etməsi qiymətlərə də təsir göstərib. Ən çox satılan köhnə avtomobillərin 300-6000 manat arasında bahalaşıb. 

1998-2000-ci illərə aid "Mercedes C Class” modelləri 6-7 min manatdan 8 min - 8500 manata kimi bahalaşıb. 2000-2002-ci il model "Mercedes E Class”lar isə 8-9 min manatdan 11 min-11500 manata kimi bahalaşıb. 

Satıcı bildirib ki, "Hyundai” və "Kia” markalarına aid ikinci əl avtomobillər 2 min manat həcmində bahalaşıb.  

Əvvəl 7-8 min manata satılan 2.4 l mühərrikli  "Hyundai Sonata” indi 9-10 min manata təklif edilir. 2010-2013-cü il "KİA Rio” model avtomobilləri isə 8-9 min manatdan 10-11 min manata kimi bahalaşıb. "Chevrolet Aveo”  avtomobillərində 1500-2500 manat qiymət artımı var. 11-12 min manatdan 13500 manata kimi bahalaşıb. 

"Toyota Prado”larda 6 min manatlıq qiymət artımı

Qiymət artımı digər ikinci əl modellərdə də müşahidə edilir. Məsələn, 2008-ci il model "Toyota Prado”lar 18-20 min manatdan 24-25 min manata kimi qalxıb. 

"Lada” və "Opel”lər də 700-1000 manat bahalaşıb

Köhnə "Lada” və "Opel”lər də bahalaşmaqda davam edir. Rusiya istehsalı olan avtomobillər 700-1000 manata kimi bahalaşıb. Satıcı deyir ki, əvvəl 4200-4300 manata olan  "Lada 21012” avtomobilləri indi 5000-5200 manata təklif edilir.  

2001-2002-ci il model "Opel Astra”lar 5000 manatdan 5800-6000 manata kimi, "Vectra” avtomobilləri isə 3000-4500 manatdan 4500-5500 manata kimi bahalaşıb. 

Satıcı bildirir ki, qiymət artımına baxmayaraq, real alıcıya avtomobil köhnə qiyməti ilə satılır./fins.az/

MediaFax