Bakıda kütləvi dava: 3 qohum bıçaqlandı

Ötən axşam saat 20 radələrində Nizami rayonu ərazisində, "Koroğlu" metro stansiyasının yaxınlığında kütləvi dava qeydə alınıb.

SalamNews xəbər verir ki, dava nəticəsində 3 nəfər Gürcüstan vətəndaşı olan yaxın qohumlar - 1990-cı il təvəllüdlü İsmayılov Musa İsa oğlu, 1995-ci il təvəllüdlü Mirzəliyev Səxavət Rizvan oğlu, 1992-ci il təvəllüdlü Məmmədov İbrahim Şaban oğlu bıçaqlanıblar.

Yaralılar təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilərək dərhal əməliyyat otağına götürülüblər və əməliyyat olunublar. Həkimlərin verdiyi məlumata görə, Musa İsmayılovda qarnın ön divarının və sağ biləyinin kəsilmiş-deşilmiş yarası, İbrahim Məmmədovda qarnın çoxsaylı kəsilmiş-deşilmiş yaraları, Səxavət Mirzəliyevin isə sol əlində bıçaq xəsarətləri aşkar edilib. Sonuncuya tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. Yaralılardan iksi isə əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdiriliblər, vəziyyətləri ağır hesab olunur.

Baş vermiş hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinə məlumat verilib.

Hadisənin təfərrüatı ilə bağlı zərəçəkmişlərin yaxınlarının verdiyi məlumata görə, hər iki şəxs 8-ci km qəsəbəsində yerləşən maşın bazarında avtomobillərin üzlükərinin dəyişdirilməsi işi ilə məşğul olurlar. Hadisə onlar işdən çıxandan sonra baş verib. M.İsmayılov və İ.Məmmədov "Koroğlu" metro stansiyasının yaxınlığındakı kafelərin birində yeyib-içdikdən sonra tanımadıqları şəxslərlə mübahisələ ediblər. Mübahisə zəminində bıçaqlanıblar.

25-ci polis bölməsindən fakt təsdiq edilib və bilidirilib ki, hazırda hadisəni törədən şəxslərin müəyyənləşdirilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

MediaFax