Dünən saat 21 radələrində Bakı şəhəri Nizami rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə 8-ci km bazarı yaxınlığında qeydə alınıb. Belə ki, yolu keçmək istəyən piyada, Elşən Süleymanov küçəsi ev 55, mənzil 15-də qeydiyyatda olan, 1958-ci il təvəllüdlü Həşimov Mirfadə Seydəli oğlunu "Hyundai” markalı avtomaşın vurub.
Yaralı təcili tibbi yardım maşını ilə 3 nömrəli Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nizami rayon şöbəsinə aparılıb.
Faktla əlaqədar Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb. İlkin istintaq hərəkətləri zamanı hadisəni törədən sürücünün qadın olduğu məlum olub. İşi araşdıran müstəntiq Cəmşid Sadıqovun verdiyi məlumata görə, "Hyundai” markalı avtomobilin sürücüsü Səidə Əlixanova "Səhhət" klinikasında həkim-ginekoloq işləyir. Sürücünün izahatı alınıb və təyin olunacaq avtotexniki ekspertizadan sonra fakta hüquqi qiymət veriləcək./SalamNews/
MediaFax