Sahibkarların qeyri-şərtsiz əməllərindən, irəli sürdüyü lakin özlərinin heç vaxt əməl etməyi qayda-qanunlardan əziyyət çəkən çox insanlar var. Məsələn, adının tam olaraq açıqlanmasını istəməyən Y.S. kimi…
A24.az bildirir ki, Bakıda məşhur ticarət mərkəzlərində mağaza şəbəkələri olan "New Yorker”də bir müddət çalışan xanım işçinin söylədiklərini oxusanız dəhşətə gələrsiniz. Belə ki, Y.S. adlı xanım müqavilə imzalayıb, müəyyən şərtlər izah edildikdən sonra işə qəbul edilib, amma başına gələnlərdən isə yalnız iş mühitində tanış olub.
Onu da deyək ki, bu marka mağazalarına yalnız ali savadlı və xarici dil biliyi olan işçiləri götürür.
"New Yorker”in satıcılardan etdiyi tələbləri isə siyahı şəklində sadalasaq daha düzgün olar:
12-13 saatlıq iş rejimində oturmaq olmaz…
divara söykənmək olmaz…
digər satıcılarla 10 saniyəlik də olsa danışmaq olmaz…
tez-tez tualetə getmək olmaz…
çay, su içmək xüsusi icazə ilə verilir…
telefonlar əldən alınır, danışmaq olmaz…
Şənbə və bazar günləri işləmək mütləqdir (13 saat)
Mağazada satıcılar xüsusi nəzarətçi tərəfindən izlənilir və bu sadalananlara əməl etməyənlər isə pulla cərimələnir (maaşlarından çıxılır). Hətta satıcılar ayaq ağrısından o həddə çatırlar ki, bir anlıq dizlərini bükmək üçün paltarları yerə atıb götürürlər. Yəni Bakının böyük ticarət mərkəzlərində məşhur olan xarici markaların açıq şəkildə azərbaycanlı işçiləri istismar etməsi nə dərəcədə düzgündür? Bu qayda-qanunlar hansı qurumlar tərəfindən təmzinlənir? Bunların tətbiqinə necə icazə verilir?
Hüquqşunas İradə Cavadovanın fikirlərini alarkən o, adıçəkilən belə bir markanı tanımasa da, bu cür iş mühitinin yolverilməz olduğunu vurğuladı: "Ümumiyyətlə, Azərbaycan Respublikasında işləyən bütün sahibkarlar əmək müqaviləsi ilə işçinin bütün hüquqlarını müəyyən edir. Əmək müqaviləsində isə işçinin iş rejimi, iş saatı göstərilir, həftə ərzində 40 saatdan artıq olmamaq şərti ilə… Müqaviləyə əsasən işçi artıq işlədiyi iş saatına görə əlavə əmək haqqı almalı, əgər o istirahət gününü də işləyirsə təbii ki, buna görə də ona kompensasiya verilməlidir. Xarici ölkədən gələn heç bir nümayəndəyə və yaxud hansısa brend markaya bizim əmək müqaviləmizə əlavə hansısa şərtlərin tətbiq edilməsinə və işçini istədiyi kimi işlətməsinə icazə verilmir. Amma, məsələn, orda göstərilə bilər ki, hamı birdən nahar fasiləsinə çıxmasın. Mağazanın iş rejiminə əsasən, müəyyən müddətlərdə işçilər nahar fasiləsinə çıxa bilərlər. Lakin bütün işlərdə nahar fasiləsi mütləqdir, bu olmalıdır.
İşçilərin telefondan istifadə qadağasına normal baxan hüquqşunas kazarma rejimi tətbiq edən sahibkarların cəzalandırılmasına da toxundu. İradə Cavadova "telefonla danışmaq məsələsinə gəldikdə, bu, işəgötürənin tələbinə daxildir. O istəməz ki, onun işçisi iş vaxtını telefon danışıqlarına ayırsın. Çünki bəzən görürsən ki, təkcə mağazada deyil, digər iş struktorlarında, ofislərdə də işləyən işçilərə telefondan çox istifadə etmək, sosial şəbəkələrə girmək qadağan edilir. Buna normal baxmaq olar. Amma satıcıların bir-biri ilə ünsiyyət qurmaması, divara söykənməməsi, oturmaması, kazarma rejimi kimi işləməsini birinci dəfə eşidirəm. Əlbəttə ki, işçi buna etiraz edə bilər. Bunlar absurd məsələlərdir. Əgər satıcı işə götürəndən şikayətçi olsa sahibkar cəzlandırıla bilər. Hətta işçi ağır şəraitdə işləyirsə, nəinki 12-13, 8 saat ayaq üstə ola bilməz. Xüsusi fasilələr olmalıdır. Hətta Ağır Cinayətlər Məhkəməsində kanvoy dustağın yanında yarım saatdan artıq durmur. Yarım saatdan sonra gedib oturur və digər şəxs onu əvəzləyir. Lakin işçilər şikayət edə bilərlər və həmin mağaza sahibi o cür davranışına görə cərimələnə bilər. 12-13 saat işləmək qanunverciliyə ziddir. İşçi gün ərzində 8 saatdan, həftə ərzində 40 saatdan çox olmamaq şərti ilə işləməlidir. Əgər işçi istirahət günlərində işə çıxırsa işçinin razılığı ilə ona ikiqat əmək haqqı ödənilməlidir” sözlərini əlavə etdi.
MediaFax