Nəsimi rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev küçəsindəki uşaq meydançasını məhv edərək yerində bina tikilir.
Bu barədə sakinlər tərəfindən saytımıza ünvanlanan şikayətdə deyilir.
Sakinlərin sözlərinə görə, meydançadakı 1964-cü ildə əkilmiş 5 küknar ağacını kəsiblər. "Gecə ilə 5 küknar ağacı kəsilib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat vermişik. Nazirliyin nümayəndələri əraziyə baxış keçirdi, sənədləşdirmə aparıldı. Artıq tikintiyə başlanılıb”, - sakin Abbas Həsənov deyir.
Sakinlər deyirlər ki, tikinti şirkəti əvvəlcə ərazidə uşaq bağçası inşa edildiyini deyirdi. Sonradan isə yaşayış binası tikiləcəyi məlum olub. "Tikinti işlərini "Feniks-AA” MMC aparır. Şirkət nümayəndələri Bakı Şəhər İcra Hakimiyyətindən tikintiyə icazə aldıqlarını deyirlər. İcazə varsa, ağaclar niyə gecə vaxtı kəsilir? Binalara gedən yol tamamilə bağlanıb. Bundan əlavə, iki binanın arasında üçüncü bina tikilərsə, maşın üçün dayanacaq, uşaqların oynamasına yer olmayacaq”.
Sakinlər tikintinin dayandırılması üçün Nəsimi Rayon İcra Hakimiyyətinə, meriyaya müraciət ünvanlayıblar.
"Tikintinin dayandırılması üçün bütün mümkün üsullardan istifadə edəcəyik”, - şikayətçilər əlavə ediblər./virtualaz.org/