“Bakı xəstəxanalarından biri bağlanır” - İşçilər ixtisar edilir

Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Mərkəzi Dəmir Yol Xəstəxanasının gələn ildən bağlanacağı barədə məlumatlar yayılıb.
 
Ölkə.Az xəbər verir ki, orada çalışan işçilərin və tibbi heyətin çoxuna bildirilib ki, 2017-ci ilin yanvar ayından işə gəlməsinlər. Səbəb kimi bildirilir ki, xəstəxanada maliyyə problemləri var. Bu səbəbdən də, işçilərin çoxu ixtisar edilir. Xəstəxananın isə yanvar ayından bağlanacağı, yaxud da, özəlləşdiriləcəyi deyilir.
 
Məsələ ilə əlaqədar Mərkəzi Dəmir Yol Xəstəxanası ilə əlaqə saxladıq. Xəstəxanadan bildirdilər ki, bu barədə məlumatlar yayılıb. Lakin hələlik rəsmi qərar yoxdur. Bildirildi ki, hələlik xəstəxanaya xəstə qəbulu dayandırılmayıb.
 
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi daha bir neçə dövlət müəssisəsini özəlləşdirməyə çıxarıb. Özəlləşdirilməyə çıxarılan müəssisələr arasında Bakı Dəmir Yolu Xəstəxanası da var.

MediaFax