Bayram günləri ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçib.
Bu barədə Trend-ə açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin sahə rəisi Məhəmməd Abdullayev deyib.
Onun sözlərinə görə, bayram günlərində sərnişin sıxlığının yaranmaması üçün kompleksə əlavə nəqliyyat vasitələri cəlb edilib. O həmçinin bildirib ki, gücləndirilmiş iş rejiminə keçəndən sonra marşrutlara 200-dən artıq əlavə nəqliyyat vasitəsi cəlb etmişik:
"Dekabrın 30-31-də sərnişinlərin sayında artım gözləndiyi üçün bu günlərdə yenidən əlavə nəqliyyat vasitələrinin cəlb edilməsi gözlənilir. Çünki həmin günlərdə gün ərzində 16-18 min nəfər sərnişinin daşınması nəzərdə tutulur".
Vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün olaraq, Bakı Beynəlaxlq Avtovağzal Kompleksinə yollanan musavat.com əməkdaşı müşahidə edib ki, deyildiyi kimi xətlərə xeyli sayda avtobuslar buraxılıb. Eyni zamanda sərnişinlərin də bir o qədər sıxlığı nəzərə çarpmır. Lakin problemlər də yox deyil.
Bölgələrə hərəkət edən iri avtobusların sərnişinləri ümumi vəziyyətdən razı olduqlarını bildirdilər. Onlar söylədilər ki, biletlərini bir neçə gün öncə aldıqları üçün heç bir problem yaşamayıblar. Qiymətlərə gəlincə isə sərnişinlərin sözlərinə görə, iri tutumlu avtobuslarda biletlərin qiymətlərində hər hansı bir dəyişiklik yoxdur. Ancaq misal üçün Sabirabad, Saatlı, Migəçevir, Füzuli istiqamətinə gedən "Qazel” adlandırılan nəqliyyat vasitələri üçün bu sözləri söyləmək olmaz. Hər halda sərnişinlər bu cür bildirdilər.
Belə ki, söhbət etdiyimiz Gəncə sakini Əbülfəz Kərimov bildirdi ki, əvvəllər 6 manata getdikləri yol üçün indi onlardan 7-8 manat istəyirlər:
"Hər il bayram ərəfəsində avtobus problemi yaşanırdı. Gəlib, saatlarca gözləyirdik, axırda da qayıdırdıq evimizə. Yəni avtobus tapa bilmirdik. Bu il isə avtobus sarıdan problem yoxdur. Ancaq qiymətlər fərqlidir. Az öncə bir avtobus çıxdı, onun sürücüsü deyirdi ki, 8 manata aparıram. Gedən minsin, istəməyən də qalsın burada. Onun ardınca çıxmağa hazırlaşan avtobus sürücüsü isə deyir ki, 7 manata aparıram. Halbuki, əvvəllər bu yolu 6 manata gedirdik. Hər dəfə bayram vaxtı bax bu cür hallar baş verir. Ya qiymətləri qaldırırlar, ya da avtobus tapılmır. Axırda da camaat yığılır, bunlar da deyirlər ki, 8 manata gedən maşın var. İnsanlar da əlacsız qalıb deyilən qiymətlə razılaşırlar. Bizdə gediş haqqıdır, biletlə deyil. Yəni nağd şəkildə ödəniş edib, gedirik. Biletlə olan iri avtobuslarda vəziyyət belə deyil”.
Mingəçevir sakini Vüqar isə bildirdi ki, bilet aldıqları zaman 4 manat 30 qəpik pul verirlər, ancaq indi "Qazel”lər 5 manata aparır:
"Bilet qalmayıb. Bileti gərək bir neçə gün öncədən alasan.Bayram zamanı hər il sıxlıq olur. Avtobus problemi olmasa da, dediyim kimi qiymət bahadır”.
Sabirabad rayonuna isə avtobuslar işləmir. Ora yalnız "Qazel”lər vasitəsi ilə getmək mümkündür. Lakin bu nəqliyyat vasitələrini də xəttə ard-arda buraxmırlar. Sakin Cəmil Həsənov bildirdi ki, hər il eyni halı yaşayırlar:
"Avtovağzalda bütün istiqamətlər üzrə hərəkət olsa da, Sabirabadın avtobusları hər zaman problemli olur. Ya avtobus tapılmır, ya da qiymətləri qaldırırlar. Hazırda qiymətlər əvvəlki günlərdə olduğu kimi 4 manatdır. Ancaq gördüyünüz kimi getməyə avtobus yoxdur. Hər il bayram vaxtı saat 12-dən sonra burada avtobus tapmaq mümkün deyil. Rayondan bir "qazel” çıxır, deyirlər ki, gəlib bura çatanda maşın olacaq. Yəni 3 saat gözləməlisən ki, maşın gəlib çıxsın. İndi də deyirlər ki, gələcək, yoldadır”.
Sabirabada hərəkət edən marşrutların yönləndiricisi Etibar adlı şəxs isə bildirdi ki, avtobus olacaq:
"Avtovağzalın verdiyi əlavə avtobuslardan almamışıq. Çünki xəttə buraxmağa öz avtobusumuz var. Hazırda Ələtdədir, o gələnə qədər adamlar da yığılacaqlar. Gəlsin, camaatı yola salacağıq gedəcəklər”.
Onu da qeyd edək ki, bayram günü avtovağzalda nə qədər çox adam olmasına baxmayaraq, təhlükəsizlik tədbirlərində hər hansı bir dəyişiklik müşahidə etmədik. Sərnişinlər iri çantalarla kompleksə daxil olur, avtobuslara minirlər. Bu proseslər əsnasında isə onların çantalarının, üstlərinin yoxlanmasının şahidi olmadıq./musavat.com/