Tanınmış vəkil Aslan İsmayılov Milli Məclisin sədr müavini və insan hüquqları komitəsinin sədri Bahar Muradovaya onu son günlər gündəmə gətirən çıxışına görə suallar ünvanlayıb.
Vəkilin həmin suallarını və qeydlərini təqdim edirik:
Birinci, B.Muradova 2017-ci il büdcə layihəsi ilə əlaqədar bildirib ki, "müvafiq qurumlar öz işlərinin öhdəsindən layiqincə gəliblər, mövcud durumu doğru-düzgün dəyərləndiriblər”. Xanım Muradova, həmin şəxslər artıq iş işdən keçəndən sonra, büdcənin boş olduğunu bildiriblər. Onda illər öncə biz büdcənin talanından yazanda nə üçün bizi "ölkənin analoqsuz inkişafına paxıllıq etmək”də ittiham edirdiniz?
İkinci, B.Muradova xəbərdarlıq edir ki, "hər kəs ayağını yorğanına görə uzatmalıdır”. Anladım. Onda deyin görək aylıq 200 manat maaş alan müəllimin, həkimin və maaşdan əlavə 300 min manat paket alan nazirlərin yorğanları hansı "razmer”də olacaq?
Üçüncü, B.Muradova bildirir ki, "2017-ci ilin daha çətin olacağını nəzərə alaraq hökumətdən gözləntilərinizi sonraya saxlayın”. Çox gözəl. Bahar xanım, elədirsə onda bu hökümət kimə və nəyə lazımdır? Bu acgöz hökümət üzvlərini saxlamaq üçün onsuz da boş olan büdcədən milyardları xərcləməyə dəyərmi?!
Dördüncü, "insanlar qənaət rejiminə keçsin, əhali yoxsul yaşamağa öyrəşsin” deyən B.Muradova bunun yollarını da göstərsin. 300 "üzən” manata qənaət etməklə 5 nəfərdən ibarət ailəni saxlamaq yollarını göstərən Bahar xanımın namizədliyini iqtisad nominasiyasında Nobel mükafatına şəxsən özüm irəli sürəcəm./gununsesi.info/
MediaFax