Dekabrın 1-dən etibarən Tarif Şurasının elektrik enerjisinin qiymətlərinin qaldırılması ilə bağlı qərarının icrasına başlanılıb. Artıq dekabrın ilk ongünlüyü üçün bildirişlər abonentlərə təqdim edilir. Bildirişdə aylıq elektrik enerjisi sərfiyyatı göstərilib, limit və limitdənkənar istifadə üçün ayrı-ayrılıqda qiymətlər yazılıb.
Cebhe.info-ya təqdim edilən belə bildirişlərdən birində abonentin artıq dekabrın ilk ongünlüyündə aylıq 250 kilovatsaat limiti keçdiyi məlum olub. Buna görə də limitdən əlavə sərfiyyat üçün qiymət 7 deyil, 11 qəpikdən hesablanıb.
Bu isə aylıq limitin qısa müddətdə başa çatacağı barədə narazılıqların əsaslı olduğunu söyləməyə əsas verir. Abonent ayın qalan hissəsində işıq pulunu 11 qəpikdən ödəməli olacaq.
Maraqlıdır ki, bundan əvvəl bildirişlər abonentlərə aylıq təqdim edilirdisə, indi 10 günlük təqdim olunur. Bu isə çox güman ki, ayın sonunda məbləğin daha çox olacağından yaranacaq narazılığı aradan qaldırmaq üçün düşünülüb.
MediaFax