Bağçada niyə işıq yoxdur?

Mingəçevir şəhər 17 saylı Fidan bağçası 5 gündür ki, zülmətə qərq olub. 
 
140-150 uşağa təlim-tərbiyə verən bir qurumun işıqsız qalması onları çətin vəziyyətə salıb. Heç kim övladını işıqsız, buz kimi bağçaya göndərmək istəmir. Hətta elektrik cərayanın olmaması ucbatından uşaqlar üçün nahar yeməkləri də bağçadakı odun sobalarında bişirilir.

Məsələ ilə bağlı bağçanın müdirəsi Zenfira Qazıyeva valideyinlərdən fərqli olaraq bildirdi ki, bağçada sadəcə bir gün elektrik enerjisi olmayıb:
"Deyilənlər yalandır. Bağça cəmi bir gün işıqsız qalıb. O da İcra Hakimiyyətinin smart kartımıza pulu gec köçürməsi ilə əlaqədardır. Hazırda bu problem aradan qaldırılıb”.

Əməkdaşımızın şəxsi müşahidələri isə bağçada hələ də elektrik enerjisinin olmadığını sübut etdi. Onu da deyək ki, bağçada qarşılaşdığımız 3 xanım kimliyini gizlətsə də, üşüdükləri üçün üst geyimlərini çıxara bilmədiklərini dedilər.

Məsələ ilə bağlı Mingəçevir şəhər İcra Hakimiyyəti və Mingəçevir şəhər Təhsil idarəsi ilə əlaqə yaratmaq cəhdlərimiz isə boşa çıxdı./musavat.com/

MediaFax