Bir neçə gün öncə Samux rayonunda 2 yaşlı uşaq faciəli şəkildə ölüb.
Üzərinə qaynar su tökülən Tamara Mustafayeva təcili xəstəxanaya çatdırılsa da, azyaşlını xilas etmək mümkün olmayıb.
Elə həmin gün Göyçay şəhərində yaşayan daha bir 11 yaşlı Ə.Şirəliyev əlindəki pnevmatik tüfənglə həmyaşıdına xəsarət yetirib. O, həyətlərində atasına məxsus pnevmatik silahla ehtiyatsız davrandığından atəş açılıb və nəticədə qonşusu-həmyaşıdı F.Nəzərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Bu hadisələrdən bir neçə gün öncə isə Cəlilabadda ikinci sinif şagirdi su kanalına düşüb boğulmuşdu. Yeni ilin ilk ayı əlində pirotexniki vasitə partlayan, eyvandan yıxılaraq dünyasını dəyişən, nəzarətsiz qalaraq üzərinə televizor düşən azyaşlıların ölüm və xəsarət xəbərləri ilə başlamışdı. Vəziyyət o qədər kritik həddə çatıb ki, artıq azyaşlılarla bağlı bu tip xəbərlərin statistikasını "yığıb-yığışdırmaq” mümkün deyil. Təkcə mətbu orqanlarda işıqlandırılan belə xəbərləri araşdırsaq görərik ki, yanvar ayı ərzində azyaşlılarla bağlı nəzarətsizlik və ehtiyatsızlıq ucbatından 10-dan çox oxşar hadisə qeydə alınıb və əlbəttə ki, əksəriyyəti bədbəxt sonluqla bitib.
Doğrudur, heç bir valideyn min bir əziyyətlə böyütdüyü övladını itirmək istəməz, amma hadisələrin "kəllə-çarxa çıxan” statistikası onu göstərir ki, görünür, valideynlər dolayısı ilə həm də bunu istəyirlər. Axı hər kəs bilir ki, 2 yaşında uşağın şüuru qaynar sudan qorunmağı dərk edəcək qədər formalaşmayıb. Və ya barmağını ət maşınına uzadıb oynayırsa, elektrik cərəyanı yuvasına salırsa, demək, onun təhlükəsindən xəbərsizdir. Bəs ona nəzarət etməli olan valideyn necə, o da bu təhlükələrdən xəbərsizdirmi? Azyaşlı ölümlərinin sayı niyə bu qədər artıb? Belə faktların yayılmaması üçün müvafiq dövlət orqanları hansısa iş görürlərmi?
22 uşaq dərmandan zəhərlənib
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən saytımıza verilən məlumata görə, mərkəzə ötən il ərzində müxtəlif bədbəxt hadisələrlə üzləşən 72 uşaq gətirilib. Onların əksəriyyəti valideyn səhlənkarlığının qurbanlarıdır. Belə ki, uşaqlardan 22 nəfəri nəzarətsiz qalaraq dərman vasitələri və digər kimyəvi məhlulardan zəhərləniblər. Ölüm hadisəsi olmasa da, həkimlər bildirirlər ki, xəstəxanaya yerləşdirilənlərdə fəsadlaşamalar olub və bəziləri çox ağır keçiriblər. Travmatologiya və Ortopediya İnstitutundan da aparılan təbliğatlara baxmayaraq, körpə uşaqların əlinin ət maşınında qalması halları azalmadığını, hətta əksinə, son vaxtlar belə hadisələr adiləşdiyini deyirlər.
Uşaq psixoloqu Narınc Rüstəmova isə hesab edir ki, belə hadisələrin qarşısını almaq üçün valideynlər son dərəcə diqqətli olmalıdırlar. Psixoloq bildirir ki, genetik keçən hədsiz hərəkətlilik, diqqət yayınıqlığı bir sözlə, el arasında dəcəllik deyilən hiperaktivlik problemi əslində çox ciddiyə alınmalıdır. Onun sözlərinə görə, "atası və ya anası da belə idi, keçib gedər” deyə düşünülməməlidir. Hiperaktiv uşaqlar hədsiz hərəkətli olduğu üçün onlarda özlərini qoruma instinkti zəif inkişaf edib. Onlar tez-tez hündür yerlərdən özlərini atır, təhlükəli oyunları sevir, mebellerin üzərində gəzirlər. Hətta yatarkən belə çox hərəkətli yatırlar. Bunun üçün onlar ən çox yaralanan uşaqlar sırasındadır.
"Hadisə baş verəndən sonra həll yollarını araşdırmaqdansa…”
Psixoloqun sözlərinə görə, qəza nəticəsində baş verən uşaq ölümlərinin yaş aralığı 1-6 yaş arası uşaqlardır. Bu dönəmdə idrak proseslərindən biri olan təxəyyül yüksəkliyi uşaqlarda ətrafda olan informasiyaları fərqli və real qəbul etməsinə gətirib çıxarır.
"Valideynlər arasında iş bölgüsünün düzgün paylanmaması səbəbindən də uşaqlar arasında bədbəxt hadisələr arta bilir. Zamanla ailədəki məsuliyyəti öz üzərinə götürən xanım (uşaq tərbiyəsi, kommunal xərclər, ev alış-verişi) bütün günü gərgin iş rejimində olur. Və nəticədə, onun uşaqlara ayıracaq zamanı daralmağa başlayır. Çox zaman bu tip xanımlar 40 yaşından sonra nevrozla rastlaşılırlar”, - deyə psixoloq bildirir.
Vəziyyətdən çıxış yolu kimi isə psixoloq hesab edir ki, dünya ölkələrində təhlükəsizliklə bağlı qısametrajlı film və ya animasiyalı video çarxların çəkilməsi bu istiqamətdə təbliğatın aparılması çox böyük töhfə verir.
"Əslində, bu tip verilişlər olmalı və bu verilişlərdə yol hərəkəti qaydalarının pozulması zamanı yarana biləcək qəza hadisəsi animasiya şəklində yayımlandığı kimi, qaz sobasının üzərində isti tavanın hansı istiqamətdə qoyulmasından tutmuş, pəncərənin yaxınlığında üzərinə çıxılması mümkün olmayan hansı əşyaların qoyulmasına qədər hər şey izah olunmalıdır. hadisə baş verəndən sonra onun həll yollarını araşdırmaqdansa, bu cür bədbəxt hadisələrdən qorunmaq, ondan sığortalanmaq üzərində daha çox düşünmək lazımdır. Bu ki, heç zaman gec deyil”.
Valideyn nəzarətsizliyi sosial problemlə bağlıdır – Ekspert
Azərbaycanda uşaq hüquqlarını qoruyan QHT-lərin başı uşaqlarla bağlı digər problemlərə qarışdığından, məhz valideyn məsuliyyətsizliyinin qurbanı olan azyaşlılarla bağlı problem yiyəsiz ölü kimi ortalıqda qalıb. Müraciət etdiyimiz Azərbaycan Uşaqlar Birliyi və Uşaq Hüquqlarının Müdafiə Liqasından valideyn səhlənkarlığı səbəbindən ölən və ya xəsarət alan uşaqlarla bağlı heç bir monitorinq aparılmadığını dedilər.
Uşaq Hüquqlarının Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov toxunduğumuz bu problemin yayılmasını Azərbaycanda valideynlərin sosial vəziyyəti ilə əlaqələndirir. Onun sözlərinə görə, sosial vəziyyəti ağır olan valideyn uşağa kifayət qədər nəzarət edə bilmir.
"Uşaq daim nəzarət altında olmalıdır. Təəssüf ki, bizim valideynlər sosial vəziyyətlə əlaqədar olaraq uşaqlara kifayət qədər nəzarət edə bilmirlər. Doğrudur, belə hadisələr bütün dünyada baş verir. Ola bilər ki, valideyn bir dəqiqə gedib əllərini yumağa və uşaq qaynar suyu üzərinə dağıdaraq yanıb. Burada valideynin üzərinə məsuliyyət düşür. O, uşağı tək qoymamalıdır ki, hər hansı bədbəxt hadisə baş verməsin. Və ya dərmanları uşaqların əlləri çatan yerdə saxlamaq olmaz. Bununla əlaqədar olaraq valideyn bədbəxt hadisə baş verdkdə isbat olunsa ki, valideyn günahkardır, o zaman məsuliyyətə cəlb olunmalıdır”.
Lakin QHT sədri deyir ki, Azərbaycanda uşağı nəzarətsiz qoyduğuna görə valideyni məsuliyyətə cəlb edə bilən qanun yoxdur.
"Belə bir qanun olmadığı üçün bu cür hadisələrin sayı çoxalıb. Əsas problem onunla bağlıdır ki, hər hansı hadisədə valideynin günahı isbat olunsun. Ola bilər ki, valideyn uşağı arabada küçənin ortasında qoyub gedib və uşağı maşın vurub. Bu hadisədə valideyn günahkardır, bu valideynin səhlənkarlığıdır. O, məsuliyyətə cəlb olunmalıdır. Qanunvericilikdə isə bu məsələ öz əksini tapmalıdır. Ondan sonra valideynləri məsuliyyətə cəlb etmək olar”, - deyə Y.Bəkirov bildirir.
Səhlənkar valideynə 100 manat cərimə
Azyaşlılarla bağlı yaranmış belə problemlərin həlli ilə məşğul olan dövlət orqanı - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində isə problemə nikbin yanaşırlar. Komitədə hesab edirlər ki, valideyn səhlənkarlığı ilə bağlı uşaqlarla baş verən bədbəxt hadisələrin qarşısını almağın yeganə yolu maarifləndirmədən keçir. Komitənin Uşaq Problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyevin virtualaz.org-a bildirdiyinə görə, bu istiqamətdə maarifləndirmə işlərini bir qədər də effektivləşdirməyə ehtiyac var.
"Biz bir neçə dəfə məişətdə səhlənkarlıq səbəbindən baş verən bədbəxt hadisələrlə bağlı FHN-lə birlikdə maarifləndirmə tədbirləri keçirmişik. İctimai nəqliyyatda, səhiyyə və təhsl müəssisələrində bukletlər paylanıb. Amma görünür əhali arasında daha effektiv maarifəndirmə tədbirlərinə ehtiyac var. Bu mövzu valideynlərin hadisələrlə bağlı təhlükədən xəbərsiz olduğunu göstərir. Valideyn bilsə ki, hansısa hadisə faciəyə səbəb ola bilər, düşünürəm ki, bu faktların sayı azalar. Burada qanunda nəyisə dəyişməklə nəticəyə nail olmaq mümkün deyil. Daha səmərəli vasitələrdən istifadə etmək olar”.
Komitə rəsmisi hesab edir ki, bu problemin bu qədər qabarması QHT-lərin bu istiqamətdə zəif fəaliyyət göstərmələrilə bağlıdır.
"Bütün dünyada vətəndaş cəmiyyətinin bu istiqamətdə rolu yüksəkdir. Amma bizdə effektiv tədbirlər görülmür. Ancaq dövlət orqanları bu istiqamətdə çalışırlar. Yaxşı olardı ki, QHT-lər də çalışsınlar”.
P.Əliyevin sözlərinə görə, bununla bağlı cəza tədbirləri problemi həll etməyəcək. Əgər valideynin bu faciədən xəbəri yoxdursa, cərimə 1000-2000 manat da olsa, yenə baş verəcək.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 189.3-cü maddəsinə görə, yetkinlik yaşına çatmayan uşaqları baxımsız vəziyyətdə qoyduqda və onlar xəsarət alarsa, 60-100 manat cərimə tətbiq olunur. Yəni, uşağını nəzarətsiz qoyub serial baxan və ya telefonla qeybət edərkən eyvanda yıxılan və ya üzərinə qaynar su tökülən övladının xəsarət almasında birbaşa günahkar olan ana ən ən çoxu 100 manat cərimələnəcək. Hadisə isə bədbəxt hadisə kimi qeydə alınacaq və heç bir cinayət işi başlanmayacaq./virtualaz.org/
MediaFax