“Azersun”dan bahalaşma ilə bağlı - Açıqlama

"Azersun Holdinq”in istehsal etdiyi məhsullarda kütləvi qiymət artımı olmayıb.

Bunu saytımıza açıqlamasında "Azersun Holdinq”in rəsmisi Afiq Səfərov son günlər sosial şəbəkələrdə qiymət artımı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirərkən deyib. A. Səfərov bildirib ki, onlara bir neçə gündür qiymət artımı ilə bağlı çoxlu suallar ünvanlanır: "Bildirirlər ki, "Cempion” çayının qiyməti bahalaşıb və ya başqa məhsulların adlarını çəkirlər. Hansı ki, o məhsulların heç birini "Azersun” istehsal etmir. Adıçəkilən məhsulların qiymətlərinin artıb-artmamasını deyə bilmərik, amma fakt budur ki, həmin məhsulları bizim şirkət istehsal etmir. Aidiyyatı üzrə müraciət etsinlər”.

A.Səfərov həmçinin qeyd edib ki, "Azersun Holdinq” daim Azərbaycanın ərzaq təhlükəsizliyi üçün layihələr hazırlayır: "Mövsümlə əlaqədar hər hansı məhsulda qiymət artımı, azalması müşahidə oluna bilər. Lakin bu hal kütləvi deyil. "Azersun”a qarşı dəfələrlə belə qara piar kampaniyaları olub. Bu da onlardan biridir”./qafqazinfo.az/

MediaFax