Azərbaycanlıları Ukraynada kim öldürtdürür? - Versiyalar

Diaspor nümayəndəsi prosesin Azərbaycandan idarə olunduğunu iddia edir; politoloq: "Məsələ odur ki, öldürülən, oğurlanan azərbaycanlılarla bağlı ciddi faktlar ortaya qoyulmur”

Ukraynada azərbaycanlı iş adamlarına qarşı istintaqa bəlli olmayan cinayətkar qrupun törətdiyi qətllər, adam oğurluğu halları geniş müzakirələrə səbəb olub. 

Cinayətkar qruplaşma hələlik ifşa olmasa da, bu hadisələri ermənilərin törətməsi, onların isə arxasında Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakovun olduğu bildirilir...

Bunu sübut edən faktlar da az deyil. Məsələn, Ukraynanın Xerson şəhərində azərbaycanlı iş adamı Vüqar Nuruşovun qətli ilə əlaqədar  keçirilən məhkəmədə Ermənistan vətəndaşı, 1974-cü il təvəllüdlü Sergey Karapetyan, Ukrayna vətəndaşı, 1980-ci il təvəllüdlü Xaçik Montiyan və bu şəxslərin himayədarı sabiq polis polkovniki,  erməni biznesmen Anton Luqasyan onu öldürməkdə ittiham olunublar. Eyni zamanda orada bir il öncə qətlə yetirilən diaspor rəhbəri İlham Tağıyevin də öldürülməsində bu şəxslərin adları hallanır.  Ukraynada yaşayan soydaşlarımızdan aldığımız məlumata görə, Anton Luqasyan azərbaycanlılara qarşı xüsusi nifrəti ilə seçilir. Eyni zamanda iddia olunur ki, o, daxili işlər naziri Avakovun da yaxın adamıdır. Bu baxımdan məlum hadisələrdə Avakovun əlinin olması istisna deyil. 

Belə bir iddia da səslənir ki, oradakı azərbaycanlılardan da bu hadisələrlə və ermənilərlə əlaqələri olanlar var. Həmin şəxslərin adları konkret olaraq açıqlanmasa da, belə bir faktın olmasına şübhələr mövcuddur. 

Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov da femida.az saytına açıqlamasında bildirib ki, insanları oğurlayan qrup azərbaycanlılardan ibarətdir. O, azərbaycanlıların Ukrayna Daxili İşlər Nazirliyinin qarşısında aksiya keçirməsinin məntiqə sığmadığını söyləyib: "Mənim rəhbərlik etdiyim təşkilat bu mitinqə qatılmadı. Həmin mitinqin təşkilinə səbəb kimi o göstərilir ki, Arsen Avakov azərbaycanlılara qarşı törədilən cinayətlərin üstünü açmır. Mənim qənaətim isə tamamilə fərqlidir. Fikrimcə, insanları oğurlayan qrup azərbaycanlılardan ibarətdir. Daha dəqiq desək, Azərbaycandan bu cinayətkar qruplaşmalara rəhbərlik edən şəxslər var. Əgər bu gün hansısa qrup zərərsizləşdirilsə, Azərbaycanda olan rəhbərləri başqa bir qruplaşma yaradacaq. Məsələ köklü şəkildə həll olunmalıdır. Cinayətkar dəstənin Azərbaycandakı kökünü qazıb çıxarmaq lazımdır. Oğurlanan azərbaycanlılarla bağlı polisə heç ərizə belə yazılmayıb. Bunun da səbəbləri var. Belə ki, bu zaman oğurlanan şəxslərin həyatı təhlükəyə girə bilərdi. Azərbaycanlıların Rusiyada və Ukraynada oğurlanması şəbəkə şəklində qurulub. İki gün bundan əvvəl Rusiyada bir cinayətkar qruplaşmanı saxladılar, bütün üzvlər azərbaycanlılardan ibarət idi”. 

Bu açıqlama Ukraynadakı azərbaycanlılar tərəfindən birmənalı qarşılanmayıb. H. Cavadovun azərbaycanlıları suçlayan açıqlaması təəccüb doğurub.
 
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Ali Məclisinin sədri Akif Gülməmmədov söyləyib ki, azərbaycanlılar mitinq keçirdikdən sonra onlara işin ciddi şəkildə araşdırılacağı bildirilib: "Bizə bildirdilər ki, nazir işin ciddi şəkildə araşdırılması ilə bağlı göstəriş verib və cinayət işləri araşdırılır. Biz sentyabrın 19-da yenə Daxili İşlər Nazirliyinə gedəcəyik, məsələnin nə yerdə olduğu ilə maraqlanacağıq. Hadisəni kimlərin törətməsi ilə bağlı hər hansı bir məlumata sahib deyilik. Buna görə də konkret şəkildə deyə bilmərik ki, bunu ermənilər törədib, yoxsa qeyriləri. Bizim istədiyimiz elə budur ki, azərbaycanlılara qarşı cinayət hadisələrini kimlər törədirsə, həmin adamlar məsuliyyətə cəlb olunsun”.

Politoloq Elxan Şahinoğlu  isə bildirib ki, azərbaycanlılar haqlı olaraq bu cinayətləri ermənilərin törətməsindən şübhələnirlər: "Ukraynada 500 minə yaxın azərbaycanlı yaşayır. Onların arasında müxtəlif dünya görüşlü insanlar var və içərilərində cinayətkarların olması da istisna deyil. Rusiyada da belə hallar olmuşdu.  Belə ki, azərbaycanlıların qətlini araşdıran zaman məlum olmuşdu ki, onları elə azərbaycanlılar öldürüblər. Müxtəlif cinayətkar qruplar yaradaraq, onları girov götürüb, pullarını alıblar. Əsas tələbimiz cinayətkarın tapılmasıdır. Məsələ odur ki, Ukraynada öldürülən, oğurlanan azərbaycanlılarla bağlı ciddi faktlar ortaya qoyulmur. Əsas narazılığın da səbəbi məhz budur. Qətlin sifarişçisi kimdirsə, bu, məhkəmə prosesinə aid  işdir. Hazırda orada azərbaycanlı iş adamları qorxu içərisindədirlər. Bunun qarşısını almaq lazımdır. Bir nəfər diaspor nümayəndəsi bunun azərbaycanlıların işi olduğunu deyirsə, bu, onun öz şəxsi fikridir. O demək deyil ki, hamı belə düşünür”./musavat.com/

MediaFax