Rusiya Federasiyasının Mordoviya muxtar respublikasının miqrasiya idarəsinin polkovniki Andrey Piskonov iki Azərbaycan vətəndaşından rüşvət tələb etmə ittihamı ilə məhəkəmə qarşısına çıxarılıb.
Virtualaz.org xəbər verir ki, polkovnik Piskonov Federal Miqrasiya Xidmətinin Mordoviya respublikası üzrə idarəsinin rəis müavinidir. O, ittihamı rədd edir və barəsində aparılan istintaqı "təxribat” adlandırır.
İstintaqın versiyasına görə ötən ilin dekabrında Azərbaycan vətəndaşı Zamir Cəfərov miqrasiya idarəsinin tanış əməkdaşı Mudrovdan xahiş edib ki, həmyerlisi Kərimovun işinə kömək etsin. Kərimov "Həmvətənlər” dövlət proqramı çərçivəsində sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığı almaq istəyirdi. Bildirilir ki, Cəfərov tanışının işini yüksək vəzifəli şəxsin köməyi ilə həll etmək üçün Mudrova 20 min rubl pul verib. Mudrov bu haqda Piskunovla danışıb və polkovnik azərbaycanlının məsələsinə kömək etməyə razılıq verib. Həmin vaxt o, idarənin rəisi vəzifəsini icra edirdi. Dekabrın 9-da görüş təyin olunub və Kərimov idarəyə gedib. Həmin gün 20 min rubl Piskunova verilib.
Polkovnik məhkəmə iclasına yaxasında Putinin portreti olan köynəklə çıxıb və rüşvət ittihamını qəti rədd edib. "Mən nə Cəfərovla, nə Kərimovla tanış deyiləm. İttiham aktında deyilir ki, mən rüşvət qəbul etməyə razılaşmışam. Bu, böhtandır”-Piskonov deyib. Şahidlər məhkəməyə gəlmədiyindən proses dekabrın 12-nə təxirə salınıb.
Piskonov Mordoviyada tanınmış polkovnikdir, əvvəllər mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsində şöbə rəisi işləyib. Reket, quldurluq, insan alveri, qızların oğurlanması və fahişəliyə məcbur edilməsi əməlləri ilə məşğul olan üç bandanı zərərsizləşdirib.
MediaFax