Azərbaycanlı tələbəni öldürən tutuldu - Yenilənib

10:21 
 
Ukraynada azərbaycanlı tələbə qətlə yetirilib.
 
Hadisə sentyabrın 27-də Kiyev şəhərində qeydə alınıb. Zaqatala rayon sakini, 22 yaşlı Məhəmməd Amil oğlu Səfərəliyev naməlum şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Mərhumun meyiti bu günlərdə Azərbaycana gətiriləcək.
 
Qeyd edək ki, M. Səfərəliyev Ukraynada ali təhsil alırmış.
 
------------
14:14
 
Azərbaycanlı tələbə Məhəmməd Səfərəliyevin Krımın Simferopol şəhərində öldürülməsi ilə bağlı yeni məlumatlar üzə çıxıb.
 
M. Səfərəliyevin qardaşı Ramin Səfərəliyev bildirib ki, hadisə sentyabrın 26-ı axşam Simferopolda baş verib.
 
Simferopoldakı ali məktəblərdən birinin yuxarı kurs tələbəsi olan M. Səfərəliyevin iranlılar tərəfindən öldürüldüyü bildirilir. M. Səfərəliyevə arxadan çoxlu bıçaq zərbəsi vurulub, o, aldığı zərbələrdən dünyasını dəyişib.
 
Qətlin səbəbi hələlik məlum deyil.
 
M. Səfərəliyevin meyitinin sabah Azərbaycana gətirilməsi nəzərdə tutulur.
 
Məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyindən münasibət öyrənmək mümkün olmayıb.
 
----------
18:32
 
Krımın Simferopol şəhərində öldürülən azərbaycanlı tələbə Məhəmməd Səfərəliyevin qatilinin kimliyi və hadisənin səbəbi məlum olub.
 
Krım Azərbaycanlıları Gənclər Təşkilatının rəhbəri Firudin Orucov bildirib ki, artıq hadisəni törətməkdə şübhəli bilinən şəxsi Simferopol polisi yaxalayıb.
 
Saxlanılan şəxs Krım Federal Universitetinin Fəlsəfə fakültəsinin I kurs tələbəsi, İran İslam Respublikasının vətəndaşı, 1981-ci il təvəllüdlü Məhəmməd Şahdır.
 
M. Səfərəliyev isə həmin universitetin Hüquq fakültəsinin magistratura pilləsində təhsil alıb, Məhəmməd Şah ilə eyni yataqxanada qalıb: "Təxminən bir ay əvvəl iranlı tələbənin otağında onlar arasında mübahisə yaranıb, gənclər əlbəyaxa olublar. İstintaqın versiyasına görə, buna səbəb iranlı tələbənin azərbaycanlı tələbənin yataqxanadakı otağını zəbt etməsidir. Növbəti dəfə də eyni səbəbdən onlar arasında mübahisə yaranıb və iranlı tələbə Məhəmmədə arxadan bıçaqla bir neçə zərbə endirib. Ağır xəsarət alan həmyerlimiz ölüb”.
 
Hazırda Krım Federal Tədqiqat Xidmətinin Simferopol Şöbəsi və Daxili İşlər Nazirliyinin Şəhər Şöbəsi birgə istintaq qrupu yaradıb. Hadisə ilə bağlı etnik zəmində hər hansı insidentin baş verməməsi üçün tədbirlər görülür./APA/
 

 
MediaFax