Azərbaycanlı şahmatçılar ayağa qalxdı: “Pulumuzu...”

Şahmat Olimpiadasında qızıl medal qazanan, hazırda qadın şahmatımızın lideri olan Gülnar Məmmədovanın evlə bağlı probleminin olması, həmçinin şahmatçıların təqaüdlərini ala bilməməsi haqda mətbuatda yazılmışdı.
 
Bununla bağlı Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədovun da fikirlərini öyrənilmişdi. O, təqaüdlə bağlı narazılığı qəbul etsə də, şahmatçının ev probleminin həllinin bu il üçün mümkünsüz olduğunu və gələn il bu məsələnin həlli istiqamətində əlindən gələni edəcəyini söyləmişdi.

"Futbol+” bundan sonra yenidən şahmatçılara tribuna verib.

Gəlin, əvvəlcə bu ilin ən uğurlu şahmatçısı Gülnar Məmmədovanı dinləyək:

"Sentyabrın əvvəlindən məlum idi ki, kim Olimpiadada ən yaxşı olacaqdısa, ona ev və pul mükafatı veriləcək. Xüsusən də qadınlar üçün bu mükafat nəzərdə tutulmuşdu. Çünki indiyədək qadın şahmatçılara ev verilməyib. Bəlkə də bizdən belə uğur gözləmədiklərinə görə böyük mükafat vəd etmişdilər. Bunu dəqiq deyə bilmərəm. Pul mükafatının məbləği açıqlanmamışdı. Ancaq ortalıqda gəzən söz-söhbətə əsasən, lövhələr üzrə qalib gələnlərə 50 min manat veriləcəyi güman edilirdi. Hətta Rauf Məmmədov mənə demişdi ki, bu mükafatı alsan, mənə nə qədər verəcəksən? Mən də "pulun 80 faizini sənə verəcəm” söyləmişdim. Çünki inanmırdım ki, bu qədər pul verilər.

Olimpiadanın başa çatmasına bir gün qalmış 3-cü lövhədə çempionluğum rəsmiləşdi. Hələ o zaman evə ehtiyacımın olduğunu demişdim. Fikrət Sideifzadə və Faiq Həsənov da bunu Mahir Məmmədova çatdırmışdı. Digər tərəfdən, evə görə yazılı surətdə müraciət etməli olduğumu düşünmürəm. İlin yekununa uyğun olaraq, ən yaxşı şahmatçı kimi bu mükafat mənə verilməliydi. Ev növbəsinə yazılmırıq ki...

Digər tərəfdən, təqaüdlərimiz aylardı verilmir. Bu həftə müsbət cavab gözləyirik. Problem həll olunmasa, daha yuxarı müstəvidə etirazımızı dilə gətirəcəyik. Belə etmək olmaz! Qadın şahmatı indi-indi inkişafa qədəm qoyub. Bu il mən ev alsaydım, bu, başqa qadın şahmatçılar üçün stimul olardı ki, onlar da gələn il daha yaxşı oynayıb, bu mükafata sahib çıxsın. Olimpiadadan sonra cəmi bir yarışda iştirak edə bilmişəm. Noyabrda keçirilən klublararası Avropa Kubokunda "Odlar yurdu”nun tərkibində çıxış etdim. Bu yarışda da var gücümlə mübarizə aparıb nəticə qazandım ki, kimsə Olimpiadada bəxt sayəsində qızıl medal əldə etdiyimi düşünməsin. Mən, sadəcə, haqqım olanı istəmişəm. Həm təqaüd, həm də ev məsələsinə görə federasiya rəhbərliyi ilə görüşməyə çalışmışam. Heç kim məni qəbul etməyib. Ən azı bir səbəb göstərilsin, başa salsınlar ki, bu il alınmır, gələn il mükafata sahib çıxacaqsan. Heç bir reaksiya verilmir. Bu isə açıq-aşkar hörmətsizlikdi”.

Digər şahmatçımız Qədir Hüseynov isə bir çox reallıqları dilə gətirdi:

"Kişilər və qadınlar üçün fərqli müqavilə bağlanmışdı. Yəni kişilərin təqaüdü daha çox idi. Ancaq sonuncu dəfə avqustun təqaüdünü almışıq. Təqaüdlər verilmədiyi üçün yarışlara da gedə bilmirik. Axı hansısa turnirə getmək üçün bilet almalı, otelin pulunu ödəməlisən. Bunlar da az xərc tələb etmir. Onsuz da verilən təqaüd şahmat hazırlığına sərf olunur. Bilsən ki, sənin yarış və məşqçi üçün nəzərdə tutulan xərclərin qarşılanacaq, onda heç təqaüdə ehtiyac olmaz. Məsələn, mən Qətərdə keçirilən sürətli şahmat üzrə dünya çempionatına qatıla bilmədim. Çünki bunun üçün təxminən 1500 dollar xərcləməliydim. Olimpiada qurtardı, şahmat da bitdi. Düzdü, kişilərdən ibarət yığmamız uğurlu çıxış edə bilmədi. Ancaq həmişə şahmatda nəticə qazanmaq mümkün olmur axı.

Millimiz iki dəfə Avropa çempionu olub. Komandamız yetərincə güclüdü. Amma ən güclü deyil. Bunu başa düşmək lazımdı. Rusiya ümumi götürəndə dünyanın ən güclü şahmat ölkəsi sayılır. Dəfələrlə dünya çempionatı və Olimpiadalarda qalib olub. Əmsala görə birinci yerdədi. Amma sonuncu dəfə 2002-də Olimpiadada qızıl medal qazanıb. 14 ildi bu yarışda titula həsrətdilər. Bu da şahmatdakı güclü rəqabətdən xəbər verir. Əslində, yarışa hazırlıq da tam istənilən səviyyədə olmadı. Olimpiadaya yarım il qalmış yox, 2-3 il əvvəldən hazırlaşmalısan. Qısa müddətdə hazırlıq böyük ölçüdə heç nəyi dəyişmir. Biz piar ölkəsiyik. Piar oldu, qurtardı. İndi təqaüdümüzü 4-5 dəfə azaldıb vermək istəyirlər. Bu pulu almaqdansa, almamaq daha yaxşıdı. Aprelin təqaüdü oğlanlara verilib, qızlara yox. Amma qızların təqaüd almaq şansları daha çoxdu. Çünki onlar Olimpiadada yaxşı nəticəyə imza atıblar.

Bilirsiz ki, yığmamızda legioner şahmatçı (Arkadi Naydiç) da var. O nə qədər maaş alır? O heç burda yaşamır. Bildiyimə görə, Macarıstanda yaşayır. Heç vətəndaşlığını da dəyişməyib. Almaniya vətəndaşı kimi yığmamızda çıxış edir. Şahmatda yığmanı dəyişərkən vətəndaşlığı dəyişmək tələb olunmur. Olimpiadada çox pis çıxış etdi. Amma çox rahatdı. Çünki bilir ki, beynəlxalq normalara uyğun AŞF ilə bağladığı müqaviləyə əsasən pulunu alacaq. Legioner yerli idmançıdan 10-15 dəfə üstün tutulur. Bu, çox pisdi. Halbuki şahmatımızda əcnəbiyə ehtiyac yox idi. Avropa çempionatlarında ardıcıl 4 dəfə medal qazandıq. Sadəcə, Vüqar Həşimov rəhmətə getdikdən sonra federasiya onun yerinə güclü şahmatçı gətirmək istədi. Amma Naydiç heç Həşimovun səviyyəsinə yaxın deyil. Yəqin Vüqarın səviyyəsində şahmatçılar çox böyük pul istədilər.

20 milyona Olimpiada keçirirsən, amma 100 min manat tapa bilmirsən ki, 20 şahmatçının təqaüdünü verəsən. Belə problemlərlə üzləşəcəksənsə, niyə bu tədbiri keçirirsən? Biz istəmirik ki, problemlərimizi xarici mətbuata danışaq. Ölkənin imicinə xələl gətirmək istəmirik. Sizin bilmədiyiniz bəzi məsələlər var. Biz onlardan danışsaq, ölkənin imicinə ciddi xələl gələcək. Hələ bu məsələni anlaşma yolu ilə həll etməyə çalışırıq. 5-10 faiz şansımız var. Alınmasa, itirəcəyimiz heç nə qalmayacaq. Mətbuat konfransı keçirib, hər şeyi söyləyəcəyik. Başa düşürük, ölkədə vəziyyət yaxşı deyil. Amma sən buna razılaşırsan, söz verirsən, müqavilə bağlayırsan. Heç kim bu müqaviləni bağlamağa məcbur eləməmişdi ki. Əvvəldən deyərdilər ki, pul olmayacaq, çıxıb oynamalısız, biz də işimizi bilərdik. Vəzifəli şəxsləri niyə federasiyalara rəhbər təyin edirlər? Çünki onların idmanı maliyyələşdirməyə imkanı var. Əks halda, məni, səni federasiya prezidenti təyin edərdilər də.

Əslində, şahmat başqa növlərlə müqayisədə az maliyyə tələb edir. Burda milyonlardan söhbət getmir. Amma yetərincə böyük azarkeş kütləsi var. Əlbəttə, 4 ay bir qəpik də pul almamaq bizi stressə salır. Belədə nədən danışmaq olar? Xarici məşqçiləri cəlb etmək yaxşıdı. Ancaq sən öz idmançına baxa bilməyəcəksənsə, bunlar artıq önəmini itirir. Bu ildən bir nəticə çıxmasa, hamımız toplaşıb bütün problemlərimizi səsləndirəcəyik. Bəzi insanlar var, durumumuzu anlayır, kömək etmək istəyirlər. Görək sözlərinin üstündə duracaqlar?”

MediaFax