Azərbaycanlı fəal həbsxanada 58 gündür aclıq edir - ANA DİLİ tələbi

İranda Azərbaycan dilində təhsil olmasını istəyən soydaşımızın həyatı təhlükə qarşısındadır

Güney Azərbaycanda tanınmış milli-mədəni fəal Mürtəza Muradpur artıq 58 gündür ki, Kərəc həbsxanasında aclıq keçirir. Mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlara görə azərbaycanlı fəalın sağlamlığı çox ağırdır. Aclıq nəticəsində fəal 44 kq çəkisini itirib, onun qaraciyəri, böyrəkləri sıradan çıxıb.
 
29 yaşlı Mürtəza Muradpur "Beynəlxalq Ana dili” tədbirində iştirakına və Urmiya gölünün qurumasına etiraz etdiyi üçün 2015-ci ildə həbs olunub. Əvvəl milli təhlükəsizliyə qarşı fəaliyyətdə ittihamına görə 2 il həbs cəzası alan fəala, sonradan barəsində ikinci məhkəmə qərarı çıxarılaraq sistemə qarşı təbliğat ittihamı ilə daha bir həbs cəzası verilib. Bununla da İran hökuməti onun azadlığa çıxmasının qarşısını almağa çalışır. Mürtəza Muradpur azadlığa çıxmasını tələb etsə də, bu tələbi cavabsız qalıb. Buna görə də o, etiraz olaraq aclıq aksiyasına başlayıb.
 
Onun azad edilməsi ilə bağlı 18 dekabrda İstanbulda İranın baş konsulluğunun önündə aksiya keçirilib. Güney Azərbaycan Milli Oyanış Hərəkatının, Turan Ocaqlarının təşkil etdiyi aksiyada Muradpura dəstək məqsədilə ilə milli şüarlar səsləndirilib, İran əleyhinə fikirlər bildirilib. 
 
Bakıda isə dekabrın 22-də bir qrup gəncin təşkilatçılığı ilə Muradpura həsr olunan konfrans keçirilib. Bütöv Azərbaycan Ocaqları isə (BAO) milli-mədəni fəalı təşkilatın fəxri üzvü elan edib. Eyni zamanda milli fəala aclığı dayandırmaq üçün BAO tərəfindən müraciət göndərilib. Bu barədə BAO-nun sədri Zahir Əlisoy "Yeni Müsavat”a açıqlamasında bildirib: "Mürtəza Muradpur Güney Azərbaycanın bir çox milli fəalları kimi kifayət qədər iradə  nümayiş etdirir. Düşünürük ki, mübariz fəalımızı müdafiə etmək məqsədi ilə  Milli Elmlər Akademiyasındakı azərbaycanlı ziyalı və alimlərimizin də müraciətini alaq və Mürtəza bəyə bir daha müraciət edək ki, aclığı dayandırsın. Çünki o bizə lazımdır. Quzey Azərbaycan bu hadisələrə heç də biganə deyil. Təəssüf ki, bəzən Azərbaycan bir çox əhəmiyyətli milli məsələlərdə çox vaxt passivlik nümayiş etdirir”.
 
Təbrizin tanınmış milli-mədəni fəallarından biri olan Cəmşid Zareyi isə "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, İran hökuməti Mürtəza Muradpuru məqsədli şəkildə azad etmək istəmir: "Bununla da onun timsalında milli-mədəni fəalları qorxutmaq, ruhdan salmağa çalışırlar. Lakin Mürtəza Muradpur çox sağlam iradəyə malikdir və İran rejiminə heç bir vəcdlə əyilməyəcəyini nümayiş etdirir. Artıq bildirişlər yayılıb ki, tez bir zamanda M. Muradpur  azad edilməzsə Güney Azərbaycanın milli-mədəni fəalları Təbrizdə və Tehranda Milli Məclisin qarşısında etiraz aksiyaları keçirəcək”.
 
Xatırladaq ki, Mürtəza Muradpur bundan əvvəl də İranın türklərə qarşı siyasətinə dinc aksiyalarla etiraz etdiyi üçün dəfələrlə həbs olunub. Onun qardaşı Fərdin Muradpur da Güney Azərbaycanın tanınmış milli-fəallarından biridir. (musavat.com)

MediaFax