Azərbaycanlı deputat Saakaşviliyə necə kömək etdi?

Mixail Saakaşvilinin "Vahid Milli Hərəkət" Partiyasının (VMHP) parlament fraksiyası yox olmaq təhlükəsi ilə üzləşmişdi.

Bu, bir qrup fraksiya üzvünün qurumun tərkibindən çıxmasından, qalmaqallı və gözdən düşmüş siyasətçinin nəzarətində olmayan ayrıca partiya yaratmaq barədə rəsmi bəyanat verməsindən sonra məlum olmuşdu.

Yeri gəlmişkən, bu deputat qrupu Mixail Saakaşvilinin Gürcüstana hansısa bir siyasi təsir göstərə biləcəyi yeganə vasitədir. Vəziyyət o qədər ciddi idi ki (hər halda sabiq prezident və onun partiyası üçün), VMHP-nin fəalları öz liderləri ilə məsləhətləşmələr aparmaq üçün təcili Kiyevə uçmuşdular.

Görüş keçmiş şənbə günü keçirilib və orada mövqeyi son ana qədər bəlli olmayan deputat Azər Suleymanov da iştirak edib.

Və məhz o, öz "Feysbuk” səhifəsində millətçilərə ünvanladığı birmənalı bəyanatla vəziyyəti, necə deyərlər, xilas edib: "İctimai maraqlardan çıxış edərək bildirmək istəyirəm ki, mən "Milli hərəkat"ın üzvü olmuşam və üzvü olaraq qalıram. Mən daha yaxşı Gürcüstan naminə bu fraksiya sıralarında parlamentdəki fəaliyyətimi davam etdirirəm".

Beləliklə, M.Saakaşvili ilə birlikdə indi millətçilər də sakitcə nəfəslərini dərə bilərlər: fraksiyanın altıncı üzvü tapılıb və "Vahid Milli Hərəkət" Partiyası parlamentdə öz qeydiyyatının proseduruna başlaya bilər./virtualaz.org/

MediaFax