Bu gün səhər saatlarından Azərbaycan və Rusiya Daxili İşlər nazirliklərinin əməkdaşları iki ölkə sərhədində yerləşən rayonlarda birgə ənənəvi sərhəd-sipər əməliyyatlarına start verib.
Bu məqsədlə Qusar və Xaçmaz rayonları ərazisində xüsusi polis postları qurulub.
Tədbir noyabrın 27-dək davam edəcək.
Əməliyyatın keçirilməsində əsas məqsəd transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrasıdır.
Xatırladaq ki, bu barədə Quba şəhərində sərhədyanı ərazilərdə daxili işlər orqanlarının və polisin qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi üzrə Azərbaycan və Rusiya Daxili İşlər nazirliklərinin İxtisaslaşdırılmış İşçi Qrupunun bu ilin oktyabrın 21-də keçirilən görüşündə razılıq əldə olunub.
Görüşdə Rusiya Federasiyası Dağıstan Respublikasının daxili işlər naziri, polis general-leytenantı Abduraşid Maqomedov, Azərbaycan və Dağıstan DİN-lərin aidiyyəti baş idarə və idarə rəisləri, hər iki ölkənin sərhədyanı bölgələrinin polis orqanlarının rəisləri və digər məsul şəxslər iştirak ediblər. Tədbir iştirakçıları sərhədyanı ərazilərdə ictimai təhlükəsizliyin təmini, ekstremizm və terrorçuluğun qarşısının alınması, transmilli mütəşəkkil cinayətkarlığın digər təhlükəli növləri ilə mübarizə sahələrində Azərbaycan və Rusiya daxili İşlər Nazirlikləri arasında əməkdaşlığın perspektivlərinə, həmçinin, cinayətkarlıqla mübarizənin prioritet istiqamətlərinə, o cümlədən İxtisaslaşdırılmış İşçi Qrupunun ötən ildəki fəaliyyətinin yekunlarına, onun 2017-2018-ci illər üçün Planının müzakirəsi və təsdiqinə, sərhədyanı ərazilərdə "Sərhəd-Sipər" kompleks əməliyyat-profilaktiki tədbirlərin təşkili və həyata keçirilməsinə, axtarışda olan şəxslər barədə məlumatların mübadiləsinə dair məsələləri müzakirə ediblər./report.az/
MediaFax