Azərbaycandan qovuldu, Qazaxıstana dünya rekordu gətirdi - Rioda

Rio olimpiya oyunlarında azərbaycanlı ağırlıqaldıran Nicat Rəhimov Qazaxıstan yığmasının heyətində 14 ildən sonra dünya rekordunu yeniləyərək turnirin baş mükafatını qazanıb.

Nicatın bu yarışda Azərbaycanı təmsil etməməsinin sırf subyektiv səbəblərdən, kimlərinsə məsuliyyətizliyi üzündən baş verməsi artıq medianın əsas müzakirəsinə çevrilib.

Azərbaycan atletika məktəbinin yetirməsi olan Nicat 2013-cü ildə atası Əli Rəhimovun istəyi ilə yığmadan ayrılıb. Bildirilir ki, atası 20 yaşlı oğlunun göstəricilərinin getdikcə aşağı düşməkdə olduğunu görüb, bunun başlıca səbəbinin məşqçilərdə olduğunu anlayıb və oğlunu bataqlıqdan çıxarıb.

Nicat 2014-cü ildən Qazaxıstan vətəndaşlığını qəbul edib və yarışlara bu ölkənin bayrağı altında çıxıb. Cəmi bir il sonra o, 77 kq çəkidə dünya çempionu adı qazanıb.

Nicat Rəhimovun 2014-cü ilin əvvəlində verdiyi müsahibə də yenidən gündəmə gəlib. İki il öncə bugünkü olimpiya şempionu Azərbaycan millisinin məşq bazasının pozğun yuvası olduğunu bildirmişdi: "İçki içən də, siqaret çəkən də, qumar oynayan da var. Zlatan Vanev (baş məşqçi) hər şeyə göz yumurdu. Bu səbəbdən də Vanevi vecimə almırdım. Hər gün məşq başlayanda mənə "səni yığmadan uzaqlaşdıracam, federasiyadan aldığın 500 manatı kəsəcəm”, - deyirdi. Bu səbəbdən atam məni təlim-məşq toplanışından uzaqlaşdırıb, İslam Həmrəyliyi Oyunlarına özü hazırladı. Sonra eşitdik ki, məni yarışa aparmayacaqlar. Atam bunun səbəbini Azərbaycan Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərov və baş məşqçi Vanevdən soruşub. Deyiblər ki, Nicatı sən hazırlayacaqsan, gedib İslamiadanın qalibi olacaq və deyəcəksən ki, mən hazırladım”.

Nicatın 2 il əvvəl dediyi bu sözlər indi onun nə qədər haqlı olduğunu sübut edir.

Bu gün Rio yarışlarına qatılan 56 idmançımızdan bir çoxu legionerdir. Həmin 56 nəfərin arasında isə bircə nəfər ağırlıqqaldıran yoxdur. ABŞ-ın Hyuston şəhərində təşkil olunan Dünya Çempionatında dopinq testdən keçə bilməyən Elxan Əliquluzadə, Silvia Angelova, Firudin Quliyev, Valentin Hristov və İntiqam Zairov 8 il müddətinə diskvalifikasiya olunub. Onların cəzaları 2023-cü ilin dekabrında yekunlaşacaq. Dadaş Dadaşbəyli isə 4 illik cəzaya məruz qalıb. Onun cəza müddəti 2019-cu ilin dekabrınadək nəzərdə tutulub. Həmçinin, Hristovun həmin çempionatda qazandığı bürünc medalı əlindən alınıb. Bununla da Azərbaycan olimpiadaya qazandığı 4 lisenziyadan məhrum edilib.

Bu arada, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Nicatı təbrik edib.

"Siz gözləntiləri doğrultduz. Bu qələbə gənc idmançılar üçün yaxşı bir nümunə olacaq”, - Nazarbayev deyib…/millətinsəsi.az/

MediaFax