"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin İdarə Heyətinin iclasında Azərbaycanın aşağı büdcəli aviadaşıyıcısının yaradılması barədə qərar qəbul edilib.
AZAL-ın mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, "Buta Airways" adlandırılan yeni büdcə aviaşirkəti QSC-nin tərkibinə daxil olacaq və AZAL-ın 100%-lik törəmə şirkəti olacaq.
Aviaşirkət Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşəcək.
"Buta Airways"in özünəməxsus livreyada "Embraer" təyyarələri əsasında yaradılmış öz donanması, öz işçi ştatı və müstəqil tarif siyasəti olacaq.
Qeyd edək ki, mülki aviasiya biznesi çox mürəkkəb və spesifikdir, və hər bir ciddi dəyişiklik vaxt tələb edir. Büdcə aviaşirkətinin fəaliyyət göstərməsində çox nüans var, hazırda bütün aspektlər üzərində fəal iş aparılır. "Buta Airways" aviaşirkətinin uçuşlarının artıq 2017-ci ilin payızında başlayacağı gözlənilir.
Aviabiletlərin qiymətinin aşağı salınması üzrə genişmiqyaslı işlər prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilir. Bu ilin mart ayından etibarən AZALJET brendi altında 13 populyar istiqamət üzrə uçuşlar yerinə yetirilir. Bu reyslərdə satış və uçuş sxemi lou-kosterlərə yaxındır, yəni sərnişinlərə bəzi xidmətlər seçimi ödənişli variantlar şəklində təqdim edilir.
Hazırda AZALJET-in bütün reyslərində baza tarifinin qiyməti bütün vergi və rüsumlar da daxil olmaqla cəmi 49 avro təşkil edir. Bu, Azərbaycana uçuşlar həyata keçirən bütün aviaşirkətlər arasında ən rəqabət qabiliyyətli qiymətlərdən biridir.
Ümid edirik ki, milli lou-kosterin xidmətləri həm vətəndaşlarımızın ürəyincə olacaq, həm də ölkəmizə turist axınını artıracaq.
MediaFax