"Azərbaycanda TRT-1 telekanalının yerüstü rəqəmli yayımı, böyük ehtimalla, 2017-ci ilin yanvar ayında bərpa olunacaq”.
Bunu TRT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Yıldıray Arslan deyib. O bildirib ki, TRT, Azərbaycanın Milli Televiziya və Radio Şurası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Teleradio İstehsalat Birliyi arasında telekanalın yerüstü rəqəmli yayımının bərpası istiqamətində müzakirələr aparılır: "Demək olar ki, bütün məsələlər həll olunub, sadəcə, kağız üzərində bir sıra məqamlar var ki, onlar da həllini tapmalıdır. TRT-1 Azərbaycanda yayımına icazə verilən yeganə xarici telekanaldır. Biz nəyin bahasına olursa-olsun, Azərbaycanda TRT-1-in yayımlanmasına davam edəcəyik. Bizim bu istiqamətdə iradəmiz çox güclüdür. 2017-ci ildə rəqəmli yayım üçün lazım olan rüsum TİKA, 2018-ci il üçün isə TRT tərəfindən ödəniləcək”.
Qeyd edək, rəqəmli yayım üzrə müqaviləsi olmadığına görə TRT-1 telekanalının Azərbaycanda yayımı dayandırılıb.
Xatırladaq ki, TRT-1 Azərbaycan və Türkiyə hökumətlərarası müqaviləsinə uyğun olaraq Radiotezliklər üzrə Dövlət Komissiyasının 8 dekabr 1995-ci il tarixli razılığı əsasında yayımlanıb. Noyabrın 1-dən etibarən Bakı şəhəri və Abşeron yarımadasında, dekabrın 1-i, 10-u və 20-si bölgələrdə analoq TV yayımı dayandırılıb. Azərbaycanda yalnız rəqəmli TV yayımı həyata keçirilir./APA/
MediaFax