Azərbaycanda saxta içki problemi... - Araşdırma

Rusiyanın İrkutsk vilayətində tərkibində ölümcül metanol spirti olan "Boyarshnik” adlı içkidən ölənlərin sayı son məlumatlara görə, 60 nəfəri keçib.
 
Bu dəfə surroqat alkoqoldan ölümlərin kütləvi xarakter almasına görə məsələyə Rusiya prezidenti və hökuməti müdaxilə edib. Matəm elan olunub və saxta alkaqollu içkilər, o cümlədən lasyon, kosmetik vasitə adı altında buraxılan, əslində isə rusların sevimli içkisinə çevrilən, 250 qramlıq flakonlarda buraxılan cürbəcür mayelərin istehsal edildiyi sexlərdə yoxlamalar aparılır, həbs olunanlar var. Əslində isə statistikaya görə Rusiyada kişilərin 8 faizi surroqqat alkoqoldan istifadə edir və hər il minlərlə, hətta on minlərlə adam bu cür içkilərdən ölür.

Bu problem spirtli içkilərdən gen-bol istifadə olunduğu Azərbaycanda da saxta alkaqollu içkilər bazarını gündəmə gətirir. Doğrudur, ruslardan fərqli olaraq Azərbaycanda "vuranlar” kosmetik losyon, odekalon və ya apteklərdə satılan 95 faizlik spirt alıb içmirlər, yaxud belə hallar kütləvi deyil.  Amma Azərbaycanda da saxta içkilərdən zəhərlənənlər və ya  ölənlər az olmayıb.

Ekspertlər iddia edirlər ki, hazırda Azərbaycan bazarındakı spirtli içkilərin 50 faizi saxtadır.  Xüsusilə də sahibkarlığın inkişafı məqsədilə yoxlamaların 2 il müddətinə  dayandırılmasından sonra gizli sexlərdə hazırlanan saxta araqlar bazara yol açıb.  Bu problem nəzərə alaraq spirtli içki bazarındakı vəziyyəti araşdırdıq.

Araqdan zəhərlənənlər

"Respublika Toksikologiya Mərkəzində spirtli içkilərdən zəhərlənmə diaqnozu ilə hazırda 3 nəfər müalicə alır”, -mərkəzin rəhbəri Azər Maqsudov deyir.

Onun sözlərinə görə, son bir neçə gündə daha 7 müraciət daxil olub. Spirtli içkilərdən zəhərlənmə diaqnozu ilə il ərzində 52 nəfər xəstəxana şəraitində müalicə alıb. Amma bu zəhərlənənlərlə bağlı dəqiq statistika deyil. Çünki daha ağır vəziyyətdə olanlar təcili yardımla yaxın xəstəxanalara aparılırlar. "Biz xəstələrin qəbul etdiyi arağın saxta olub –olmadığını və ya keyfiyyətini yoxlaya bilmirik. Amma xəstələrin məhz içkidən zəhərləndiyi bəllidir”, -Maqsudov əlavə edib.

İyunun 30-da Şəmkir rayon sakini, 55 yaşlı Oqtay Əmiraslanov spirtli içkidən zəhərlənərək ölmüşdü.  Onunla birlikdə zəhərlənən yaxın qohumu isə ağır vəziyyətdə xəstəxanaya çatdırılmışdı. Oktyabrda isə Bakının Mərdəkan qəsəbəsinin sakini də spirtli içki qəbul edəndən sonra ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmamışdı. Paytaxtın Binəqədi rayonunda, Gəncədə də araq içəndən sonra ölənlərlə bağlı məlumatlar verilib. Amma bu faktlar yalnız mətbuatın yazdıqlarıdır.

"Spirtli içki bazarı saxta məhsullarla doldurulub”

Bunu isə Azad İsteklakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir. Onun sözlərinə görə, bazardakı yerli və xarici içkilərin 80 faizində yararlılıq tarixi göstərilməyib. "Hər bir məhsulun istifadə müddəti var. Məsələn, şərablar 6 ay, konyaklar 3 il, araqlar 1 il istifadəyə yararlıdır. Amma 80 faiz içkinin üzərində istehsal və son istifadə tarixi göstərilməyib”, -E.Hüseynov qeyd edib.

Təşkilat rəhbəri hazırda bazarda kifayət qədər saxta məhsul olduğunu da ehtimal edir: "Sahibkarlığın inkişafı üçün yaradılmış şəraitdən suistifadə edilir, bazar çirkli məhsullarla doldurulub. İllərdir spirtli içkilərlə bağlı təşkilata müraciət daxil olur. Müşahidələr göstərir ki, əsasən Rusiyada gətirilən araqlar saxta olur. Bundan əlavə, yerli məhsulların gizli sexlərdə saxtalaşdırılmış variant da hazırlana bilər”,-Hüseynov söyləyib.

"Rusiya araqları saxta olur”

"Göygöl” şərab zavodunun ixrac üzrə eksperti Anar Sadıqov deyir ki, zavodun istehsal etdiyi məhsulların saxta variantına rast gəlməyiblər. Çünki içkilərin saxtalaşdırılmasının qarşısını almaq üçün tədbirlər görülüb. "İstehsalda istifadə edilən spirit də zavod tərəfindən hazırlanır. Təmiz buğdadan hazırlanmış spirt istehsal edirik. İçkiləri və spiriti həm yerli, həm də xarici bazara çıxarırıq”,-A.Sadıqov əlavə edib.

Ekspertin fikrincə, yerli bazarda daha çox Rusiyadan gətirilmiş bahalı araqların saxta variantına rast gəlinir.

"Abşeron şərab” zavodundan da daha çox Rusiya, Ukrayna istehsallı içkilərin saxta, keyfiyyətsiz olduğunu iddia ediblər. "Bizim içkilərdən şikayət daxil olmayıb. Biz  spiriti əsasən Belarusdan  alırıq. Məhsulun keyfiyyətinə nəzarət edilir, saxtalaşdırma və ya keyfiyyətsiz spirtdən istifadə etmək mümkün deyil”,-zavodun adını söyləmək istəməyən əməkdaşı  deyib.

Qeyd edək ki, 3-4 il əvvələdək Kənd Təsərrüfatı Nazirliyi də yerli içkilərin Rusiyadan gətirilən məhsullardan daha keyfiyyətli olduğunu açıqlayırdı.  Bildirilirdi ki, Azərbaycana Rusiyadan daşınan araqların çoxu Dağıstan və Çeçenistandakı sexlərdə doldurulur.

"Əsasən Rusiya arağı satılır”

Hazırda mağazalarda İtaliya, Fransa, Rusiya, Ukrayna, Polşa, Almaniya istehsallı içkilərə rast gəlinir. Amma Rusiya istehsallı araqlara daha çox təlabat var.  

"Əsasən Rusiya istehsallı araqlara təlabat var, əksəriyyət bu araqlardan istəyir”,-metronun "28 May” stansiyasının yaxınlığındakı topdansatış mağazasının satıcısı Amil Nuriyev deyir. Onun sözlərinə görə, hələ də əksəriyyət Rusiya istehsallı araqların daha keyfiyyətli olduğunu düşünür. Amma araqlardan fərqli olaraq yerli istehsal şərab və konyaklara üstünlük verilir.

Amil deyir ki, saxta araqları daha çox kafe və restoranlara verirlər: "Zirzəmi və ya sexlərdə hazırlanan saxta içkilər daha çox kafe və ya restoranlara verilir. Mağazalar cərimələrə görə bu məhsullardan imtina edirlər”.

Qeyd edək ki, saxta araq istehsalı ilə məşğul olan sexlər hələ də var. Ötən il 43 min 811,9 manatlıq aksiz markaları ilə markalanmalı olan malların markalanmadan və ya saxta markalarla markalanmaqla satışı, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktları aşkar edib. Bu il 2 dəfə gizli sexdə saxta araq hazırlanması faktı aşkarlanıb. Yoxlamalar dayandırıldığından konkret şikayət əsasında araşdırma aparılır.
 
Təmiz arağı necə müəyyənləşdirək?

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən isə deyirlər ki, alkoqollu içkilər markalanmalı və etiketində  məhsulun adı,  mənşəyi, istehsalında istinad olunan standartın nömrəsi, sertifikatlaşdırılma barədə qeyd,  spirtin faizlə miqdarı,  doldurulma tarixi, tərkibində aromatik maddələr varsa onun miqradı,  həcmi mütləq göstərilməlidir. Spirtli içki alarkan istehlakçılar birinci növbədə şüşə qabı nəzərdən keçirilməli, onun saxlanma və hazırlanma müddətinin dəyişdirilməməsinə diqqət yetirməlidir. Eyni zamanda şüşə butulkanın qapağının çıxıntısız olmasına, etiketində yuxarıda qeyd edilən məlumatların olmasına diqqət yetirmək lazımdır.

Bəs məhsulun keyfiyyətini necə yoxlamaq olar? Ticarət şəbəkəsində bu məhsulların keyfiyyətini yoxlamaq üçün alıcı birinci növbədə onu möhkəm çalxalamalıdır. Bu zaman əgər butulkanın içində iri qabarcıqlar əmələ gələrsə, bu malın keyfiyyətinin itirməsinə dəlalət edir, əksinə xırda qabarcıqlar görünürsə onda içki keyfiyyətlidir. Nəzərə alınmalıdır ki, cod sudan istifadə edilməsi bu içkilərin bulanıqlaşmasına səbəb olur. Nazirlik araq və ya şərabların keyfiyyətindən şübhələnən istehlakçılara nazirliyə müraciət etməyi məsləhət görür…/virtualaz.org/

MediaFax