Azərbaycanda ölüm cəzası olsaydı...

Azərbaycanda ölüm cəzası olsaydı kimləri Zəncaninin taleyi gözləyirdi...

Müzəffər Baxış: "İqtisadi cinayətlərə görə ölüm cəzasının verilməsini doğru saymıram”

İranın Ali Məhkəməsi milyarder Babək Zəncani barəsində çıxarılan edam qərarını qüvvədə saxlayıb. Bir neçə gün öncə biznesmenin üzərində ölüm hökmünün ləğv olunması barədə yayılan xəbərlər məhkəmə tərəfindən təkzib olunub. 

Zəncani ilə birlikdə onunla əlbir olan Mehdi Şəms və Həmid Fəllahı da ölüm hökmünə məhkum ediliblər. Onlar xaricə neft satışından əldə etdiyi külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunurlar.

Milyarder barəsindəki qərar Azərbaycanda da müzakirələrə yol açıb. Belə ki, son bir ildə Azərbaycanda həbs edilən yüksək rütbəli dövlət məmurları bu kontekstdə gündəmə gəlib. Çünki onların da hər biri Zəncani kimi dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. Belə fikirlər var ki, əgər 18 il öncə ölkəmizdə ölüm hökmü ləğv olunmasaydı, həmin şəxslər də Zəncaninin taleyini yaşaya bilərdilər. Bunun əksini deyənlər də var. Onların arqumentləri isə bundan ibarətdir ki, Zəncanidən fərqli olaraq Azərbaycanda dövlət vəsaitini mənimsəmə ittihamı ilə həbs edilənlər hakimiyyətin komandasında təmsil olunduqlarına görə, belə hökmlə üz-üzə qalmazdılar. Bu fikirlərdə müəyyən qədər həqiqət çalarları görünür. Çünki iqtidar nə qədər həmin şəxslərə qarşı qəzəbli olsa da, zamanında onların komanda üçün etdikləri xidmətləri unutmurlar. 

Hüquqşünas Müzəffər Baxış sualımızla bağlı tarixə ekskursiya etdi: "1961-ci ilin Cinayət Məcəlləsində 88-1-ci maddə var idi. O maddə sosialist əmlakının xüsusi və külli miqdarda mənimsənilməsinə görə cinayət məsuliyyəti nəzərdə tuturdu. Həmin maddədə 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası və müstəsna cəza kimi ölüm cəzası da nəzərdə tutulurdu.

Bütün sovet ittifaqında sosialist əmlakının mənimsənilməsinə görə, çox ciddi cəza tədbirləri keçirilirdi. Hətta 1932-ci ildə xüsusi bir qanun qəbul olunmuşdu - sosialist mülkiyyətini oğurlayanlara qarşı mübarizə haqqında. Həmin qanunla 25 ilə qədər azadlıqdan məhrumetmə və ölüm cəzası nəzərdə tutulurdu. 1961-ci ildəki Cinayət Məcəlləsində xüsusi və külli miqdar 10 min manatdan yuxarı sayılırdı. 28 dekabr 1999-cu ildə Azərbaycanın yeni Cinayət Məcəlləsi qüvvəyə mindi. Həmin Cinayət Məcəlləsində mənimsəməyə görə cinayət məsuliyyəti 179-cu maddədə nəzərdə tutulmuşdu. Bizim Cinayət Məcəlləsinə görə, mənimsəmə cinayətləri indiki halda ən ağırı 10 min manatdan yuxarı külli miqdarda hesab olunur. Buna görə də 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. 



Bu cinayətlər ictimai təhlükəsi və xarakterinə görə ağır cinayətlər kateqoriyasına aiddir. İstəyirsən bir milyon, istəyirsən bir milyard tala, onun cəzası ölkəmizdə 12 ildən artıq deyildir. Bu ittihamlarla təqsirli bilinən şəxslərə qarşı digər cinayət maddələri irəli sürülərsə, belə halda cinayətlərin məcmusuna görə 66.3-cü maddə ilə 20 il müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilə bilər. Amma sırf 179.1, 179.3.2, 179.3.3-cü maddələrlə ittiham verilsə, yalnız 12 il cəza həmin şəxsə verilə bilər. Əslində iqtisadi cinayətlərə görə ölüm cəzasının verilməsi ilə bağlı hüquq sahəsində fikir ayrılıqları var. Hüquqşünasların bir qismi bu qəbildən olan cinayətlərə ölüm hökmünün verilməsini doğru saymırlar. 

O cümlədən mən də belə hesab edirəm ki, iqtisadi, dövlət əleyhinə olan cinayətlərə görə ölüm cəzasının verilməsini doğru saymıram. Ümumiyyətlə, ölüm cəzasının tərəfdarı deyiləm. Düşünmürəm ki, bundan sonra mənimsəmə cinayətinə görə Azərbaycanda ölüm cəzası verilsin. Artıq ölkəmizdə mənimsəmə cinayəti o qədər gözdən düşüb ki, istənilən adam istənilən vəsaiti mənimsəyir, ona gözünün üstündə qaşın var deyən olmur. Bu cinayət adi normaya çevrilib. Son 20 ildə düşünmürəm ki, bu cinayətlərə görə Azərbaycanda cəzalar sərtləşdirilsin. 

Burada söhbət 1998-ci ilin 10 fevralında Cinayət Məcəlləsindən ölüm hökmünün çıxarılmasından getmir. Artıq o Cinayət Məcəlləsi qüvvədən düşüb. Həmin dövrün Cinayət Məcəlləsinin 22-ci maddəsində müstəsna hal kimi ölüm cəzası nəzərdə tutulurdu. Söhbət yeni Cinayət Məcəlləsindən gedir. Burada da ən ağır cəza ömürlükdür. Ola bilərdi ki, indiki Cinayət Məcəlləmizdə ölüm cəzası nəzərdə tutulardı, amma iqtisadi cinayətlərə görə bu cəza tətbiq edilməzdi. O zaman yenə bu cinayətlərə görə ölüm cəzasını vermək qeyri-mümkün olardı. Sovet dövründə bu cinayətlərə görə ölüm hökmü daha çox tətbiq olunurdu. Xüsusilə 1930-ci illərdə. Amma 1985-ci ildən etibarən bir qədər səngidi”./musavat.com/

MediaFax