"Azərbaycan məmurları dollarları Dubayda, xarici ölkələrin banklarında gizlədiblər”
Milli Məclisin deputatı Yevda Abramov Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik.
-Yevda müəllim, Azərbaycanın İsraillə münasibətlərinə İran qısqanclıqla yanaşır. İranın hərbi-siyasi, dini dairələri istəyirlər ki, Azərbaycan İsraillə əlaqələr qurmasın. Hər dövlətin öz marağı var, amma İran nədənsə, bu məsələdə daim Azərbaycanı ittiham edir.
-Ümumiyyətlə, bölgədə Azərbaycanın İsraillə münasibətləri bütün hallarda İranı qıcıqlandırır. Amma İranın bir dövlət kimi, bizim daxili və xarici siyasətimizə qarışması üçün heç bir hüquqi əsas yoxdur. Düzdür, İranla Azərbaycan dövlətinin böyük tarixi bağlılığı var. Dil, din mədəniyyəti, qonşuluq münasibətləri, coğrafi mövqedə olan yaxınlıq İranın Azərbaycanla oturub-durması çox normal haldır. Buna həm Azərbaycanın, həm də İranın ehtiyacı var. Amma Azərbaycanın hansı dövlətlə, hansı səviyyədə münasibət qurmasını isə İran diktə edə bilməz. Azərbaycan müstəqillik əldə etdikdən sonra onun müstəqilliyini tanıyan ilk dövlətlərdən biri də İsrail oldu. İsrail Azərbaycanda səfirlik açdı. İsrail Azərbaycanla dostluq edir. Bu məsələ Heydər Əliyevin prezidentliyi zamanında İranda Rəfsəncani tərəfindən qaldırılmışdı. Heydər Əliyev isə Rəfsəncaniyə çox gözəl cavab vermişdi. O demişdi: "Ermənistanla oturub-durduğunuza, Ermənistanı dəstəkləyib saxladığınıza görə biz sizə heç bir irad bildirməmişik. İndi siz nə haqla Azərbaycanın İsraillə ya da başqa dövlətlə dostluq edib-etməməsi haqda göstəriş verə bilərsiniz?!”.
Doğrudan da, Heydər Əliyev çox məntiqli cavab vermişdi. Bu gün Ermənistanın blokada şəraitindən çıxmasında və Ermənistanın az-çox mövcud olmasında İranın dəstəyi rol oynayır. İran Ermənistana həm maliyyə dəstəyi verir, həm də bir sıra xırda layihələri həyata keçirir. Bəlkə də İran olmasa idi, Ermənistan çoxdan sülhə can ata bilərdi. Ya da çoxdan iqtisadi blokadada sıxışdırıla bilərdi.
- Azərbaycan İsraildən hansı yeni silahlar ala bilər?
-Azərbaycanın İsrail dövləti ilə hərbi əməkdaşlığı gizli deyil. Cənab prezident İlham Əliyev özü dedi ki, artıq Azərbaycan İsraildən 5 milyarddollarlıq silah alıb.Azərbaycan dünyanın ən müasir silahlarını Rusiyadan, Pakistandan, İsraildən, Türkiyədən alır. Bəzilərini də özümüz istehsal edirik. İsrail ən modern silahları Azərbaycana verib. Həmin silahların analoqu yoxdur. İsrail bu silahları cəmi 2-3 ölkəyə satır, biri də Azərbaycandır. Azərbaycanın İsrail üçün önəmi və dəyəri çox böyükdür. İsrail bilir ki, bu gün Azərbaycanda çoxminli yəhudi yaşayır. Təl-Əviv bilir ki, Azərbaycanda Qarabağ müharibəsində yəhudi əsilli Milli Qəhrəman da döyüşüb (Albert Aqarunovu nəzərdə tutur-red.). Mən dəfələrlə İsrail Knessetində (parlament) və televiziyalarında demişəm ki, ikinci Qarabağ müharibəsində yüzlərlə albertlər olacaq. Lazım gələrsə, mən millət vəkili kimi Qarabağ döyüşünə gedəcəyəm. Heç kim qarantiya verə bilməz ki, Yevda Abramov oradan sağ-salamat qayıdacaq. Buna görə də, İsraildə demişəm ki, Azərbaycana kömək etmək lazımdır. Azərbaycana ən müasir silahları vermək lazımdır. Kimin acığına gəlirsə-gəlsin, kim yanırsa-yansın, Azərbaycanın İsraillə hərbi əməkdaşlığı, siyasi-iqtisadi əlaqələri davam edəcək. Biz bütün sahələrdə əməkdaşlıq edəcəyik.
- Ötən ilin dekabrında İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycana səfər etdi. Onun keçirdiyi görüşlər, mətbuata bəyanatları səfərin görünən hissələri idi. Amma mənim üçün onun sizinlə görüşü də maraqlıdır. Benyamin Netanyahu ilə qeyri-formal şəraitdə nələrdən danışdınız?
-İsrail Azərbaycanı tanıdıqdan sonra SSRİ dövründə olmayan dostluq və münasibətlərimiz başladı. Birinci dəfə İsrail prezidenti Şimon Peres Azərbaycana gəlmişdi. Benmayin Netanyahu da Heydər Əliyevin sağlığında Bakıya gəlmişdi. Bu isə ikinci səfəri idi. Bu, rəsmi səfər idi və çox uğurlu idi.
Lakin Netanyahunun Bakıda pərdəarxasında elə bir görüşü olmayıb. Sadəcə olaraq, Netanyahu, protokola görə, Bakıdakı yəhudi məktəbində oldu. O, mənimlə, Yəhudi icmasının sədri, məktəb müəllimləri, Azərbaycanda olan yəhudi alimləri ilə birgə görüş keçirdi. Cənab Netanyahu bu görüşdə Azərbaycana səfərindən razılığını bildirdi. Həm də bildirdi ki, Azərbaycanda yaşayan yəhudilər çox etibarlı əllərdədirlər. Yəni, burada dünyanın heç bir yerində olmadığı qədər yəhudilər azaddır. Bu, böyük mesajdır.
Baxın, Fransa çox böyük demokratik dövlət hesab olunur. Amma yəhudilər küçədə, ictimaiyyət arasında yəhudiliyini gizlədirlər. Məsələn, onlar yəhudi atributları olan geyimləri küçədə geyinmirlər. Ya da yəhudi sinaqoqlarına mühafizə ilə gedib-gəlirlər. Azərbaycanda isə belə deyil. Azərbaycanda yəhudi sinaqoqları səhərdən-axşama qədər açıq olur və öz mərasimlərini keçirirlər. Heç kim Azərbaycanda öz yəhudiliyindən qorxmur. Cənab Netanyahu dedi ki, Azərbaycan müsəlman ölkəsi olmasına baxmayaraq, burada heç bir dönəmdə anti-semitizm olmayıb.
- Atribut dediniz, ağlıma belə bir sual gəldi. Zaman-zaman mətbuatda ya da sosial şəbəkələrdə belə fikirlər səsləndirilir ki, məsələn, Bakıdakı metronun piramida şəklində olması təsadüfi deyil. Ya da deyirlər ki, filan binada hansısa naxışlar masonların, yəhudilərin mesajlarıdır. "Bunlar hamısı yəhudilərin, masonların işidir” deyirlər. Bütün bu düşüncələr öz mənbəyini haradan götürür?
-Bilmirəm, haradan ağlınıza gəldi, amma çox gözəl sualdır. Deyirlər ki, Azərbaycanda metrolarında, yeni tikilmiş arxitektura binalarında, Bakıdakı Səadət Sarayının pəncərələrində "Davidin ulduzu” var. Halbuki, bu konfiqurasiyalar simmetrik həndəsi fiqurlardır. Bunlar binaya gözəllik verən ornamentlərdir. Bunun nə masonluq, nə də yəhudiliklə əlaqəsi var. Yəhudilərə aid olan binalarda həqiqətən də simvolik olaraq "Davidin ulduzu”ndan istifadə edilə bilər. Amma bir sıra binalar var ki, onu tikirlər və bunun nə masonluq, nə də yəhudiliklə əlaqəsi var.
- Bəs niyə bayaq dediyim assosiasiya yaranır? Bilirsiniz ki, bununla İsrailə qarşı bir aqressiv impulslar cücərməyə başlayır.
-Bu fikirləri, İsrailin dostları yox, düşmənləri yaradırlar. Budüşüncələri formalaşdırmağa çalışanlar İsrailə düşmən münasibətdə olan, İrana isə rəğbət bəsələyənlərdir. Onlar hesab edir ki, hansısa binadakı bir ornament İsraillə əlaqəlidir. Mən sizə açıq deyirəm ki, bu binaların tikilişindəki memarlıq üslublarının İsraillə əlaqəsi yoxdur. Dünyada elə aeroportlar var ki, təyyarədən baxsan, görərsən ki, o, "Davidin ulduzu”nu xatırladır. Ya da xaçı xatırladır.
Məsələn Azərbaycanın bəzi rayonlarında ağ daşdan tikilən binalarda rus xaçı ornamenti var. Bu o demək deyil ki, həmin bina ruslara aiddir?! Təsadüfi olaraq, bənna o xaçı öz təxəyyülündə tikinti ornamenti kimi götürüb.
Bir sözlə, təfəkkürü dayaz olan insanlar hər şeyi yəhudilərlə əlaqələndirir.
- Simvollar, ornamentlər özündə bir inancı da əks etdirir. Ona görə də, məni dinlə bağlı sual verməyə yönləndirdiniz. Bilirik ki, yəhudilər də dindar və ya inanclı olurlar. Bəs Yevda Abramovun dinə münasibəti necədir?
-Mən də hər bir vətəndaş kimi mənsub olduğum milli kimliyimlə fəxr edirəm. Mənim yəhudiliyim mənim qürur mənbəyimdir. Mən iudaizmə xidmət edirəm. Mən özüm çox ağır dindar ailədənəm. Nəslim yəhudi dilindən hərfi tərcüməsi ali seyid mənasını verən dindarlardan ibarət olub. Amma mən qatı dindar deyiləm. Bunun səbəbi 1930-cu illərdə ata-babalarımızın təqib edilməsindən ailəmizin qorxması olub. İkincisi, mən sovet dövründə təhsil almışam. Ateist tərbiyə görmüşəm. Buna görə də, tələbəlik illərim, gəncliyim, mənə imkan verməyib ki, dinlə məşğul olum. Mənə imkan verməyib ki, dinin müqəddəs kitablarının yazıldığı qədim dili öyrənim. Amma mənim balalarım bu dili bilirlər, Tövratı oxuyurlar. Övladlarım dinə sitayiş edirlər. Mən isə belə deyiləm. Amma onu da demirəm ki, dinsizəm. Mən milli bayramlarıma hörmət edirəm, onlara ciddi riayət edirəm. Xüsusilə yəhudiliyin vacib 10 atributuna, göstərişinə xidmət edirəm. 10-nu da sevirəm.
- Milli Məclisin iclaslarının birində dediniz ki, Qubada nazirlərin, məmurların qoyun sürüləri var. Düzdür, ad çəkmədiniz. Bu çıxışınızdan sonra həmin qoyun sürülərinin sahibləri sizə zəng etdimi?
-Mən 3-cü çağırışdır ki, millət vəkiliyəm. Mənim yüzlərlə, minlərlə şagirdlərim, tələbələrim olub. Nazir müavinləri, generallar var ki, onlara dərs demişəm. Rusiyada elə milyarder oliqarxlar var ki, onlar mənim şagirdlərim olub. Mənim mənsub olduğum ailənin qaydaları imkan vermir ki, yalan informasiyanı Milli Məclis kimi ciddi bir yerə gətirim. Mən Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü kimi məsuliyyətini dərk edirəm. Mənim hər çıxışım, hər açıqlamam bir mesajdır. Yuxarı orqanlara xəbərdarlıqdır ki, bizim vəziyyətimiz çox ağırdır. Demək istəyirəm ki, bizim yüksək vəzifəli məmurlarımız lazım olan işlərlə məşğul olmurlar. Mən dedim ki, bu məmurlar əsas məsələləri atıb qoyun sürüləri, heyvandarlıqla məşğuldurlar. Bu, adi vətəndaş üçün qadağan deyil. Amma nazir üçün qadağandır. Siz və sizin kimi sadə vətəndaşların bir qoyun sürüsü olsa, buna şad olaram. Bununla Azərbaycanda kənd təsərrüfatı məhsulları artacaq.
Lakin qoyun sürüləri Azərbaycanın dağ örüş yerlərini zəbt edirsə, həmin kəndlərdən köç edirsə, həmin kəndlərin bələdiyyələrinə, yerli icra strukturlarına kömək etmək lazımdır. İnsanların evi var, villası var. Sağlıqlarına qismət olsun. Mən bunun paxıllığını çəkən deyiləm. Mənim də imkanım olsa idi, dağlarda villa tikərdim. Amma mən bankomatdan aldığım maaşla bu villanı tikə bilmərəm. Mənim yanıma seçicilər gəlir. Onların bəziləri böyrək dəyişmək, ciyər dəyişmək üçün məndən kömək istəyirlər. Elə bilirlər ki, mən tanınmış oliqarxam. Elə bilirlər ki, millət vəkillərinin hamısı imkanlı adamlardır. Bu gün də onların beyinlərində belə bir assosiasiya var ki, hər bir millət vəkilinin böyük torpaq sahəsi, bir neçə yerdə evi, çox bahalı avtomobilləri var. Ancaq onlar bilmir ki, elə millət vəkilləri var ki, ömrü boyu maaşla dolanır. Amma mən yenə də seçicilərimdən incimirəm. Onları qəbul edirəm və real vəziyyəti başa salıram. Bacardığım qədər onlara yardım olunması üçün sponsor da tapıram. Mən Mixail Xodorkovski, Roman Abramoviç deyiləm. Mən Yevda Abramovam.
- Yalan deməyəcəyəm, düzü mən də sizi varlı, imkanlı biri kimi tanıyırdım.
-Çox jurnalist belə hesab edir. Mən sizi qınamıram. İnsanlar elə bilir ki, kimsə yəhudidirsə, o ya milyarder ya da milyonçudur. Ancaq heç kim bilmir ki, mən adi təsərrüfatdan bu yerə qədər gəlib çıxmışam. Mən bir qəsəbədə "İspalkom”un rəhbəri, bələdiyyənin sədri olmuşam. Məktəb direktoru, müəllim olmuşam. Bunların heç birində siz deyən geniş maddi imkanlar yoxdur. Mən var-dövlətin, sərvətin aludəçisi və tərəfdarı da olmamışam. Tamahkar da olmamışam. Mən nəfsi olmayan bir insanam. Məni YAP öz sıralarına qəbul edibsə, qabağa veribsə, mən partiyamın adını batıra bilmərəm. Cənab prezidentin siyasətinə xələl gətirə biləcək bir hərəkətə yol verə bilmərəm. Bu mənada mən məmurlara müraciət etdim. Dedim ki, belə bir çətin anda bütün məmurlar Azərbaycan prezidentinin ətrafında olmalıdır. Dedim ki, hamımız xalqın qulluğunda olmalıyıq. Cənab prezident özü də məmurlara xəbərdarlıq edib ki, onlar xalqa xidmət etmək üçün vəzifələrə təyin olunub. Mən buna görə məmurlara səsləndim ki, bir il, iki il tamah gözünüzü batırın.
Mesaj verdim ki, əllərinizdəki pulları investisiya kimi ölkə iqtisadiyyatına yatırın. Bildirdim ki, Azərbaycanı dirçəldək. Azərbaycanın maliyyə-bank sistemində böyük çətinliklər var. Bu çətinlikləri isə məmurlar yaradıb. Qonşu Rusiya, Qazaxıstana fikir verin. Bu ölkələr milli valyutalarının qiymətlərini necə gözəl tənzimləyiblər! Amma biz tənzimləyə bilmədik. Heç tənzimləyə də bilmirik.
Vəziyyətdən çıxış yolu kimi, variantlardan biri budur ki, bazara çoxlu dollar çıxarılsın. Dollarlar isə evlərdədir, məmurlardadır. Bu dollar bazara çıxmalıdır ki, pul bahalaşsın, dollar ucuzlaşsın. Bazara isə dollar gəlmir. Bazara dolları Rövnəq Abdulayev, SOCAR verir. O birilər isə hamısı gizlədib. Məmurlar dollarları Dubayda, xarici ölkə banklarında gizlədiblər. Mən çağırış edirəm ki, bu dollarları ölkəyə gətirsinlər.
- Yevda müəllim, bank-maliyyə sektorunda yaranmış vəziyyətə görə, ən çox Mərkəzi Bankın sədri Elman Rüstəmov tənqid olunur. Mərkəzi Bankın rəhbəri olduğuna görə, təbii ki, yaranmış problemə görə məsuliyyət bölgüsündə onun da payı var. Buna görə də, düşünmək olarmı ki, Elman Rüstəmovun nəzarətində olmayan məsələlər də var?
-Çox düz buyurursunuz, mən sizinlə tamamilə razıyam. Əslində ölkədə pul-monetar siyasətinin səlahiyyətlisi, bu işlərə məsul Mərkəzi Bankdır. Söhbət Elman Rüstəmovdan getmir. O, yaxşı mütəxəssisdir. Ancaq yaranmış vəziyyətə görə təkcə, Elman Rüstəmov məsuliyyət daşımır. Problemin həlli üçün bütün maliyyə qurumları bir hədəfə vurmalıdır. Maliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, banklar, Mərkəzi Bank bir hədəfə vurmalıdır. Banklar çox qazanc uğrunda mübarizə aparmamalıdır. Bu gün əsas məqsəd o olmalıdır ki, Azərbaycan xalqına xidmət edilsin.
Düşünməlidirlər ki, az qazancla bu çətin dövrü başa vuraq. Allaha şükürlər olsun ki, Azərbaycan bankları əvvəllər çox yaxşı pul qazanırdılar. Bu, heç kimə bəlli deyilsə də, biz deputatlara bəllidir. İndi, gələn il, o biri il az qazansınlar, eybi yoxdur. Təki, bizi və özlərini bu çətin vəziyyətdən çıxarsınlar. Bütün dünyada maliyyə problemi süni olaraq yaradılıb. Bunu yaradanlar özləri də bilmədən özlərini quyuya salıblar.
2008-ci ildə böyük, super dövlətlər kiçik, neft ixrac edən ölkələri boğmaqdan ötrü bu ssenarini hazırladılar, cəmiyyətə atdılar. Amma bilməyiblər ki, bunun bir ucu özlərinə toxunacaq. Corc Soros bundan qazanırsa, başqa milyarderlər bu prosesdən itirirlər. İndi bu xarabalıqdan çıxmaq dövlət rəhbərləri üçün çox çətindir.
- Dediyinizdən bunu anlamaq çətin deyil: Azərbaycandakı maliyyə qurumları eyni hədəfə vurmurlar. Şübhəsiz ki, üzdə olan səbəblərlə yanaşı, bir də məsələnin görünməyən tərəfi var. Bu haqda nə deyəcəksiniz?
-Bəli, eyni hədəfə vurmurlar. Maliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank birlikdə ölçüb-biçib qərar qəbul etməlidirlər. Bundan sonra yerli banklara göstəriş verməlidirlər.
Görün, uzun illərdir bizim təriflədiyimiz Beynəlxalq Bank nə günə düşdü. İndi siz elə bilirsiniz ki, heç kimin Beynəlxalq Bankdakı proseslərdən xəbəri yox idi? Ola bilməz ki, bundan əvvəlcədən xəbərləri olmasın. Ola bilməz ki, milyonlarla kreditlər boşa gedib və Maliyyə Nazirliyinin, Mərkəzi Bankın bundan xəbəri olmayıb. Bu, mümkün deyil axı. Bir kasıb adam 1000 manat kredit almaq üçün 3 dəfə deputata zəng edir. Bəs necə ola bilər ki, bir insan 1 milyon dollar kredit alır və onu Dubaya aparıb zavod tikdirir?! Bundan heç kimin xəbəri yox idimi?!
Baxın, İsrail dövlətində hansısa vətəndaşın hesabına başqa ölkədən 1000 dollar daxil olursa, onu dərhal çağırırlar. "Sənin şəxsi hesabına filan ölkədən 1000 dollar daxil olub, sən niyə bunu dövlətə deməmisən?” deyirlər.
Mən Milli Məclisdə təklif etdim ki, valyutadəyişmə məntəqələrini açın. Hər ölkədə yüzlərlə valyutadəyişmə məntəqələri var. Elə yer var ki, bir küçədə 50 dənə valyutadəyişmə məntəqəsi var.
Görün bizdə necədir! Deməli, bu gün heç kimdən dollar ala bilmirsən, kiməsə verməyə də qorxursan. Çünki səni tuturlar. Niyə axı? Azad cəmiyyətdə bu, niyə belə olmalıdır?! Niyə oğlumun mənə göndərdiyi valyutanı, dolları qorxa-qorxa dəyişməliyəm?
- Azərbaycanda hansısa məmurun, nazirin istefa verdiyi hala rast gəlinməyib. Bunun, sosial-psixoloji səbəbləri haqqında danışmanızı istərdim.
-125 deputatın hamısı ağzını açıb "İstefa!” desə də, heç kim istefa verməyəcək. İstefa mədəniyyəti xüsusi mədəniyyətdir. Biz kresloya asanlıqla gəlmirik ki, oradan asanlıqla çıxıb gedək. Elə yapışqanla kresloya kleylənirik ki!.. Və başa düşürük ki, vəzifədən gedəndən sonra bizi heç kim işə götürməyəcək.
Bu, Amerikanın ədliyyə naziri, prokuroru deyil ki, gülə-gülə istefa versin. Onlar bilir ki, istefa verəndən sonra Amerikanın hansısa ştatında gözəl bir iş təklifi alacaq. Niyə? Çünki onun intellektual bacarığı var. Çünki bu ölkədə səriştəli kadra qiymət verilir. Ona görə də, Trampla işləməz, başqa bir yerdə işləyər.
Bizdə isə fərqlidir. Bizdə bilirlər ki, vəzifədən getsə, heç harda işləyə bilməyəcək. İstər nazir olsun, istərsə də, başqa bir məmur. O istefa versə də, gedib yığdığı sərvətləri xərcləyəcək. Vəssalam! Bilirsiniz həm də nəyə görə iş tapa bilməyəcəklər?
Çünki vəzifədə olduğu dövrlərdə elə bir müsbət imic yarada bilmirlər ki, yenidən xalq da onları qaytarsın. Hamı Heydər Əliyev ola bilməz ki! O zaman xalq ayağa qalxdı "Heydər Əliyev Naxçıvandan gəlsin, bizi xilas etsin” tələbini irəli sürdü. Bilirsiniz niyə belə oldu? Çünki Heydər Əliyev nəhəng, korifey siyasətçi idi. Mərhum prezident Heydər Əliyev siyasətin qrossmeysteri idi. Ona görə də, xalq yalvardı ki, Heydər Əliyev Bakıya gəlsin.
İndi vəzifəsindən gedən nazirləri Azərbaycan vətəndaşları geri qaytararmı? Dünyada buna inanmaram. Yaxşı olsaydılar, qalıb işləyərdilər də. Onları heç nazir müavini də təyin etməzlər. Buna görə də, Azərbaycanda istefadan qorxurlar. Biz öz günahımızı boynumuza götürməyə hazır deyilik. Məmurlarımız heç zaman "bu hadisələrə görə əsas günahkar mənəm” demir. Hamımız gözləyirik ki, cənab prezident nə deyəcək.
Hamımız gözləyirik ki, ölkə başçısı nə fərman verəcək. Yaxşılığa görə də, cənab prezidentin sərəncamını gözləyirik, pisliyə görə də. Buna görə də deyirəm ki, cənab prezident hamımızın yerində işləyir. Təsəvvür edin, məmurlar, deputatlar deməli olan sözü cənab prezident deyir. Halbuki, millət vəkilləri o problemləri Milli Məclisin iclasında qaldıra bilər. Hansısa rayondakı icra başçısının özbaşınalıqlarını deputatlar zalda deyə bilər. Onlar gözləməli deyil ki, ölkə başçısı regionların hesabat məruzəsində kimisə tənqid etsin.
Cənab millət vəkili, bəs sən harada idin?! Deputatların da özünün məsuliyyəti var. Biz "hə, bizi seçiblər, 5 ildən sonra yenə görüşərəm” deməməliyik.
İnanın ki, mənim kiminləsə qəsd-qərəzliyim yoxdur. Kiməsə nifrət də etmirəm. Amma olan şeyləri demək lazımdır. Mən Azərbaycanda tək adamam. Uşaqlarım hamısı gedib xaricdə yaşayırlar. Moskvada qalırlar. Mən indi deputatam və xaricə köçüb getmək şansım da yoxdur. 70 yaşım olacaq. Bilirəm ki, 70 yaşdan sonra harasa getmək mümkün deyil. Mən yalnız Azərbaycan xalqının rifahını düşünüb elə çıxışlar edirəm. İstəyirəm ki, xalq da yaxşı yaşasın...
MediaFax