Azərbaycanda dəhşət: zəhərli ilanlar kəndə kütləvi hücum etdi - 40-ı öldürüldü

İsmayıllı rayonunda torpağın altından sürü halında çıxan ilanlar görənlərin marağına və qorxusuna səbəb olub. 
 
Rayonun Kürdmaşı kəndindəki dağ yamacında peyda olan ilanları ilk dəfə kənd sakinləri görüblər. Sakinlərin sözlərinə görə, ilanların üzə çıxdığı ərazi kəndin mal-qarasının örüş sahəsi olduğundan bu hal onlar üçün çətinlik  yaradır.
 
İlanlara artıq kənddə də rast gəlinir. Yerli sakinlər son iki gündə sürü halında kəndə soxulan 40-dan çox ilanı öldürdüklərini, qalanlarının isə kolluq ərazidə gizləndiyini deyirlər. Kənd sakinlərinin dediyinə görə, ilanların uzunluğu 1.5 və 2 metrdir. Havaların soyuq və yağışlı olmasına baxmayaraq, ilanların torpağın üstünə çıxması təəccüb doğurub.
 
Kənd sakinləri bildirib ki, yayda kənd ərazisində ara-sıra ilanlar görünməsi normal hal olsa da, soyuq havada zəhərli sürünənlərin kütləvi şəkildə üzə çıxması təşviş yaradır.

MediaFax