Xəbər verdiyimiz kimi, beynəlxalq reytinq agentliyi "Fitch” Azərbaycanın rəsmi dövlət borcunun 2016-cı ilin sonuna ÜDM-nin 22.5%-i həcmində olduğunu açıqlayıb.
Bu barədə fikrilərini bölüşən iqtisadçı-ekspert Rövşən Ağayev bildirib ki, "Fitch” yalnız hökumətin xarici borclarını nəzərdə tutur.
"Lakin son dövrlər hökumətin daxili borcları da sürətlə artır və hazırda məcmu dövlət borclarının ÜDM-də payı 35%-ə çatır. Manat ifadəsində xarici borclar 13 mlrd. manat, daxili borclar 7.5 mlrd. manata çatır”.
İqtisadçı qeyd edib ki, bunlardan başqa dövlət sektorunun hökumət zəmanəti ilə almadığı borclar dövlət borcu statistikasına daxil edilmir.
"Beynəlxalq Valyuta Fondunun kriteriyası baxımından gerçəkdən də dövlət borcunun hazırkı səviyyəsi riskli nöqtəyə çatmayıb. Amma borclanmanın sürəti həddən artıq yüksəkdir. Məsələn, son 2 ildə daxili borcun ÜDM-də payı 2-3%-dən 12%-dək yüksəlib”.
R.Ağayev qeyd edib ki, BVF-nin meyarına görə, dövlət borcunun yolverilən maksimum (risksiz) həddi inkişaf etmiş ölkələr üçün ÜDM-nin 60%-i, inkişaf etməkdə olan və aşağı gəlirli ölkələr üçün 40% səviyyəsində tövsiyə olunur./bizimxeber.az/
MediaFax