Azərbaycanda atçılığın inkişaf etməməsinin səbəbi açıqlandı

Biz həmişə at cinslərimiz haqqında qürurla danışırıq. Lakin həmin atları biz Avropa ölkələrinə çıxarda bilmirik. Bunun əsas səbəb isə Dünya Heyvanları Sağlamlıq Təşkilatı tərəfindən Azərbaycanın at xəstəliklərindən azad zona kimi qəbul olunmamasıdır.
 
Bunu Azərbaycan Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında "Atçılıq haqqında” qanuna edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.
 
Onun sözlərinə görə, qanunda qeyd olunub ki, cins atlar dövlət qeydiyyatına alındıqdan sonra damazlıq məqsədilə istifadə olunur: "Yəqin ki, atlar barədə pasport nümunələrini görmüsünüz. Həmin pasportlar heç bir standarta uyğun deyil. Hazırda ölkədə dünya atçılığı ilə ən sıx əməkdaşlıqda olan qurum Atçılıq Federasiyasıdır. May ayında da Kraliçanın 90 illik yubiliyində 15 at tərəfimizdən Londona aparılmışdı. O zaman biz çox çətinliklər hesabına həmin atları Londona apardıq. Bunu yalnız bizim qurum bilir. Biz atları ölkədən çıxardırıqsa, o atlar hər hansı bir ikinci ölkədə karantində qalmalıdır. Xəstəliklərin olmadığına dair testlər olmalıdır.
 
Həmin testlərin nəticəsində atları Avropa şəhərlərinə daşımalıyıq. Proses baş verdiyi anda bizim "Atçılıq haqqında” qanuna əsasən verilən pasport heç bir halda istifadə oluna bilməzdi. Məhz buna görə də biz Qarabağ atlarımıza dünyanın qəbul etdiyi beynəlxalq federasiyaya aid olan pasportlar vermişdik. Hesab edirəm ki, "Atçılıq haqqında” qanuna bir sıra dəyişikliklər edilməlidir. Çünki Azərbaycanın at xəstəlikərindən azad zona elan olunması üçün həddindən artıq böyük işlər görülməsinə ehtiyac var”./modern.az/

MediaFax