Azərbaycana terror təhlükəsi varmı? - Açıqlama

Dekabrın 3-də Dövlət Təhlükəsizlik Xidməti Emin Caminin saxlanılması üzrə əməliyyat tədbiri həyata keçirilərkən, sonuncu müqavimət göstərərək üzərində olan "şəhid kəməri”ni partlatmağa cəhd edib, cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən məhv edilib.

Bundan öncə də DTX tərəfindən bir neçə terrorçu zərərsizləşdirilib. Və sonuncu əməliyyatda terrorçunun özünü partlatmağa cəhd etməsi dövlətə və cəmiyyətə təhlükəli siqnal verir. Terrorçuların son zamanlar Azərbaycanda fəallaşması hansı səbəblərdən ola bilər? 

Keçmiş MTN polkovniki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl saytımıza açıqlamasında bildirdi ki, Suriyada terrorçuların sıxışdırmasının ardından gözlənilən idi ki, terror üzvləri geri qayıtsınlar:

"Zamanında biz məlumat vermişdik ki, İŞİD Suriyada sıxışdırıldıqca terror təşkilatının üzvləri geri qayıdacaqlar və yaxud da tapşırıqlarını müəyyən yerlərdə yerinə yetirəcəklər. Azərbaycan hədəfdə olmasa da, İŞİD-ə üzv olanlar hansısa formada geri qayıdacaqlar, və yaxud da Şimali Qafqazdan keçib gələ bilərlər. Çünki Şimali Qafqazdan terror təşkilatının üzvləri daha çoxdur". 

Ekpsert  İlham İsmayılın sözlərinə görə, fəallaşmanın digər səbəbi ölkədə gedən iqtisadi böhranı siyasi böhrana çevirmək məqsədi daşıya bilər:

"Fəallaşmanın digər səbəbi ölkədə gedən iqtisadi böhrandan siyasi böhrana çevirmək üçün addımlar ata bilərlər. Azərbaycanda marağı ola bilən bəzi qüvvələrin göstərişi ola bilər. Azərbaycanda radikal dindarlıq iki istiqamətdən işləyir. İran və Səudiyyə tərəfindən idarə olunurlar. İndiki zamanda sevinmək lazımdır ki, Dövlət Təhlükəsizlik Xidməti bunların qarşısını ala bilib. Amma hesab edirəm ki, bu hələ ilk qaranquşlardır. Terror hədəf götürəndə daha ciddi tapşırıqlar olur və ağır nəticələr hesablanır. Dövlət əsas hədəfi terrora,  terror təşkilatçılarına və yaxud da onlara simpatiya bəsləyən insanlara qarşı götürməlidir"./qaynarinfo.az/

MediaFax