Azərbaycan UEFA-ya şikayət etdi

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli yığma komandası Avropa çempionatının ilkin seçmə mərhələsinə ev sahibliyi edən Rumıniyadan UEFA-ya şikayət edib. Bu barədə report.az-a U-17-nin baş məşqçisi Vüqar Məmməd məlumat verib.

O buna səbəb kimi millimizin Rumıniya ilə oyunöncəsi məşq üçün təşkilatçılar tərəfindən normal meydança ilə təmin edilməməsini göstərib: "Bizə məşq üçün qaldığımız bazadan aralıda yaxşı vəziyyətdə olmayan meydança təklif etdilər. Orada komandanın məşqinə icazə vermədim. Çünki oyunçular zədə ala bilərdilər”.

Baş məşqçi deyib ki, daha sonra milli komandamız bazaya dönüb və orada trenajor zalında 30 dəqiqəlik məşqlə kifayətlənməli olub: "Məşqdən sonra təşkilatçıların bu hərəkətindən rəsmən UEFA nümayəndəsinə şikayətimizi bildirdik. Qurumun nümayəndəsi də meydançanın şəkillərini çəkdi və bizə şikayəti UEFA-ya bildirəcəyini söylədi”.

Qeyd edək ki, komandamızla eyni qrupda yer alan İngiltərə və Avstriya millilərinə fərqli münasibət göstərilib.

MediaFax