“Azərbaycan 640 milyon dollardan imtina etdi”

Xəbər verdiymiz kimi, şənbə günü Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin görüşü keçirilib.
 
Görüşdə OPEC-ə üzv olmayan 11 ölkə iştirak edib. Bu ölkələrin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barel azaltmaları barədə razılıq əldə olunub. Razılaşmaya əsasən, Azərbaycan üçün bu göstərici sutkada 35 min barel müəyyənləşdirilib. Rusiya isə hasilatı gündəlik 300 min barel azaltmağa razılaşıb.
 
2015-ci ildə Azərbaycanda 41,69 milyon ton neft və qaz-kondensat hasil edilib. 2014-cü ildə isə hasilat   41,9 milyon ton neft və kondensat olmuşdu.
 
1 ton təxminən 7,3 bareldir (ölkələrə görə cüzi dəyişə bilər. 1 litr 0,88 kq. 1 barel (159 litr)=140 kq).
 
Azərbaycanın gündəlik neft hasilatını azaltması illik hasilatın təxminən 1,7 milyon ton azalmasına və illik 40 milyon tona düşməsinə səbəb ola bilər.
 
Azərbaycan neftinin qiymətinin 50 dollar civarında olmasını nəzərə alsaq hasilatın gündəlik 35 min  barel azaldılması neft gəlirinin gündəlik azı 1,75 milyon dollar, illik isə 640 milyon dollara yaxın azalması səbəb olacaqdır.

MediaFax