"Məcburi köçkünlər üçün vahid aylıq müavinətin verilməsi onların dolanışığını çətinləşdirəcək”.
Bunu iqtisadçı Qubad İbadoğlu deyib.
Onun sözlərinə görə, böhran və müharibə dövründə belə qərarı verən hökumət onun risklərini də gözaltına almalıdır: "Hər bir sivil dövlətdə aztəminatlı və həssas qrupların qayğısına qalmaq üçün müxtəlif sosial, kommunal, nəqliyyat, tibbi, təhsil güzəştləri tətbiq edilir. Burada məqsədlərdən biri onların yaşayışını minimum səviyyədə təmin etmək olsa da, digəri cəmiyyətdə təhlükəsizlik üçün potensial riskləri aradan qaldırmaqdır. Tarix göstərir ki, yoxsullar və yaşayış təminatı zəif olanlar sabitliyi daha çox pozurlar. Bunu əsas götürən bir çox ölkələrdə, xüsusilə də böhran dövrlərində aztəminatlı və həssas qrupların sosial təminatı əlavə dəstək paketləri hesabına daha da gücləndirilir. Çünki, böhranın daha çox "vurduğu" təbəqə yoxsullar olur. Böhran dövründə genişlənən işsizliyin qurbanları daha çox belə qrupların təmsilçiləridir”.
İqtisadçı hesab edir ki, hökumətin müəyyən etdiyi 36 manat aylıq müavinət yalnız yemək xərcləri üçün nəzərdə tutulsa idi, bu, ədalətli hesab oluna bilərdi: "Çünki son 2 ildə xüsusilə ərzaq və dərman preparatlarının sürətlə artan qiymətləri məcburi köçkünlərə yemək xərci üçün aylıq müavinətin artırılmasını zərurətə çevirmişdi. Amma müavinət həm yemək xərcini, həm də kommunal xərcləri qarşılamalıdır. Nəzərə alsaq ki, məcburi köçkünlər adambaşına ay ərzində 150 kilovat-saat elektrik enerjisindən, qış aylarında 45 kubmetr, yay aylarında 25 kubmetr olmaqla təbii qazdan pulsuz istifadə etmək hüququndan da məhrum ediliblər, bütün xərcləri ödəmək üçün ayda 36 manatın ayrılması əksəriyyətin dolanışığını daha da pisləşdirəcək”.
Qubad İbadoğlu qeyd edib ki, müavinəti alacaq kontingentin sayının azaldılması da ciddi narazılıq doğuracaq: "Çünki 24-25 il bundan əvvəl yurdundan didərgin düşən məcburi köçkünün bir ailə üzvünə məxsus evdə məskunlaşması onun bu statusdan məhrum edilməsi üçün əsas sayıla bilməz. Məcburi köçkün harada yaşamasından asılı olmayaraq kommunal xərcləri ödəmək məcburiyyətindədir. Odur ki, hökumət xüsusilə də böhran və müharibə dövründə nəinki məcburi köçkünlər, hətta ixtisaslı şəxslər üçün iş yerlərinin əlçatmaz olduğu indiki şəraitdə bu cür qərarlara rəvac verərkən onun risklərini də gözaltına almalıdır”./bakipost.az/