Ayətullah Sistaninin çağırışı ilə yaradılan 300 minlik şiə ordusu İŞİD-lə döyüşə başladı

İraqın "Haşdi Şabi" mülki milis qrupu Mosul vilayətində türkmənlərin kompakt yaşadığı Telaferi İŞİD terrorçularından təmizləmək üçün əməliyyata başlayıb. 
 
"Hürriyet” qəzetinin verdiyi məlumata görə, milis qrupu əməliyyatla bağlı açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, əməliyyatlardan məqsəd bölgəni iki il əvvəl işğal etmiş İŞİD terrorçularından təmizləməkdir.
 
"Haşdi Şabi"ni iraqlı şiə lideri Ayətullah Əli Sistaninin çağırışından sonra İraq hökuməti yaradıb. Yüksək səviyyəli təlim görmüş 300 min mülki milisdən ibarət qrup bir neçə gün əvvəl Mosuldakı əməliyyatlarda İŞİD-ə qarşı mübarizə aparacaqlarını açıqlamışdı. İranın dəstəyi ilə yaradılan silahlı qrupun bu bəyanatından sonra Türkiyə və bir sıra sünni məzhəbli qruplar "Haşdi Şabi"nin əməliyyatlara qoşulmasının əleyhinə olub.
 
Beynəlxalq təşkilatlar Bağdad hökumətinin rəsmən tanıdığı milis qrupunu azad olunan bölgələrdə sünni məzhəbli insanlara qarşı qətl və soyğunçuluq törətməkdə ittiham edir.

MediaFax