Mövlud Çavuşoğlu erməni deputata: “Qarabağı siz işğal etmisiniz” - Yenilənib

15:00 
 
NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyasında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə erməni deputatın arasında qalmaqal baş verib.
 
Türkiyə mətbuatının verdiyi xəbərə görə, Ermənistan parlamentinin üzvü Koryun Nahapetyan Türkiyəni bəzi məsələlərdə ittiham edib: "Türkiyə İŞİD-ə dəstək verir”.
 
M. Çavuşoğlu isə buna sərt reaksiya göstərib: "Fikirlərimiz müxtəlif ola bilər, amma əvvəlcə dürüst olmalıyıq. Siyasətçi olduğumuz üçün dürüstlüyə daha çox diqqət yetirməliyik. Təəssüf ki, erməni dostlarımız heç vaxt dürüst olmurlar. İŞİD-ə dəstək verdiyimizi necə deyə bilərsiniz? İndiyədək hansı ölkə Türkiyənin öldürdüyü qədər İŞİD terrorçusu məhv edib? Heç de dürüst olmayan formada İŞİD-i dəstəklədiyimizi deyirsiniz”.
 
----------
16:42 
  
"Sizi dinlədiyim zaman sanki bir mələksiniz - barış mələyisiniz. BMT və  Avropa Şurasının qətnamələrində Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyi göstərilib, ya yox?”
 
Bunu NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyasında xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistan parlamentinin üzvü Koryun Nahapetyan Türkiyənin İŞİD-i dəstəkləməsi barədə səsləndirdiyi ittihama cavab olaraq deyib.
 
M. Çavuşoğlu bildirib ki, Türkiyə Azərbaycanla bir millət, iki dövlətdir: "Azərbaycan torpaqlarını mənmi işğal etmişəm? Qarabağı mənmi işğal etmişəm? Siz işğal etdiniz, niyə çəkilmirsiniz? Biz sizə bəzi məsləhətlər verdik, təkliflər irəli sürdük, "buradan çəkilsəniz, sərhədləri açarıq” dedik. Siz dediniz ki, Azərbaycanı niyə şərt kimi qoyuruq? Biz də "Azərbaycan bizim qardaş ölkəmizdir” cavabını verdik. Dedik ki, Azərbaycanın məsələsi bizim məsələmizdir”. 
 
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
 
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
 
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
 
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
 
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur./APA/

MediaFax