Avtobus sürücüləri arasında dava - Bakıda

Bakıda 2 avtobus sürücüsü xidməti vəzifəsinin icrası zamanı əlbəyaxa dava edib.

Bu haqda Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nuridə Allahyarova məlumat verib.
 
O bildirib ki, bu barədə sentyabrın 13-də "ALO-141” Çağrı mərkəzinə məlumat daxil olub:
 
"6 və 88 saylı marşrut xətləri üzrə xidmətdə olan iki sürücü ilə bağlı şikayət daxil oldu. Görüntülərdən də məlum oldu ki, sürücülər xidməti vəzifələrinin icrası müddətində əlbəyaxa dava edirlər. Hər iki sürücü ilə bağlı sərt tədbirlər görüləcək.
 
Daşıyıcı şirkətlərə müraciət edərək bildiririk ki, marşrut xətti heç kəsin şəxsi mülkiyyəti deyil, avtobus isə heç bir sürücünün şəxsi nəqliyyat vasitəsi deyil”.
 
N.Allahyarova sürücüsü kobud davranış sərgiləyən sahibkarlara xəbərdarlıq edib:
 
"Bu cür kobud davranış qaydaları nümayiş etdirən istənilən sahibkar və ya daşıyıcı şirkət bundan sonra təkcə sürücünün cəza alması ilə məsələnin həll olunacağına ümid etməsin.
 
Psixoloji durumu taraz olan, xidməti vəzifəsinin məsuliyyətini dərk edən sürücülərin işə cəlb olunması sahibkarın və daşıyıcı şirkət rəhbərinin vəzifələri sırasındadır”./modern.az/

MediaFax