Qəzaya uğrayan təyyarədə ölənlər Fransa hərbçiləri imiş - Yenilənib

12:34 
 
Avropa İttifaqının məsul şəxslərini aparan təyyarənin Malta ərazisində qəzaya uğraması nəticəsində azı 5 nəfər ölüb.

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, hadisə oktyabrın 24-də səhər saatlarında baş verib.

Məlumata görə, "Metroliner" tipli təyyarə Avropa İttifaqının Sərhəd Xidmətinin rəsmi nümayəndələrini Maltanın cənubunda yerləşən Luka şəhərindən Liviyanın Misratu bölgəsinə aparırmış. Təyyarə havaya qalxandan az sonra qəzaya uğrayıb və yerə düşüb. İlkin məlumata görə, təyyarədə 10 nəfər olub.

Qəza nəticəsində ölənlərin sayının artacağı istisna edilmir. 

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır. 
 
--------------
14:30 
 
Maltada qəzaya uğrayan təyyarədə Avropa İttifaqının nümayəndələri olmayıb.

Bu barədə Avropa xarici siyasət xidmətinin yaydığı bəyanatda deyilir:

"Bu gün səhər Maltada təyyarənin qəzaya uğraması xəbəri ilə bağlı onu deyə bilərik ki, göyərtəsində Avropa İttifaqının nümayəndələri olmayıb. Təyyarə, həmçinin Avropa İttifaqının hər hansı fəaliyyəti ilə əlaqəli olmayıb”.

Aİ-nin diplomatik xidməti qeyd edib ki, qurumun Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Mogerini Malta hökuməti ilə əlaqədədir və hadisələri izləyir.

Qeyd edək ki, daha əvvəl təyyarə qəzada 5 nəfərin öldüyü açıqlanmışdı./qafqazinfo.az/
 
-------------
18:53 
 
Maltada baş verən təyyarə qəzasında həlak olan 5 nəfər Fransa gömrük xidmətinin tapşırığı əsasında Liviyaya uçurdu.
 
Bu barədə Fransanın müdafiə naziri Jan-İv Le Drianın bəyanatında deyilir. Onun sözlərinə görə, təyyarə Fransa Müdafiə Nazirliyi üçün Aralıq dənizində müşahidə missiyası həyata keçirirdi. Uçuşun məqsədi Aralıq dənizində miqrasiya axınının monitorinqini aparmaq, həmçinin qanunsuz insan və narkotik vasitələrin daşınma marşrutlarını aşkarlamaq idi.

Təyyarədəki 5 nəfərin üçü Fransa Müdafiə Nazirliyinin əməkdaşı, ikisi isə təyyarənin sahibi CAE kompaniyasının nümayəndəsi olub. Qəzanın başvermə səbəblərini müəyyən etmək üçün yerli hökumətlə birgə daxili təhqiqat aparılır.

Xatırladaq ki, yüngül mühərrikli təyyarə Malta hava limanından qalxan kimi qəzaya uğrayıb. KİV-lərin məlumatına əsasən, qəza yerli hərbi hissənin yaxınlığında baş verib. Təyyarənin qalıqları hərbi hissənin ərazisinə və yaxınlıqdakı avtomobil şosesinə səpələnib./aznews.az/