Avropa cüyürlərinin sayı azalıb - Azərbaycanda

Hirkan Milli Parkında Avropa cüyürlərinin sayı Talış dağlarının bütün meşələrində olduğu kimi tamamilə azalıb və həmin ərazi üçün nadir növə çevrilib.

Bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib.

E.Yusifov əlavə edib ki, Milli Parkın ərazisində Avropa cüyürlərinin sayı orta hesabla 355,3±18,9 baş olduğu müəyyən edilib.

Onun sözlərinə görə, Turyançay Dövlət Təbiət Qoruğu və onunla həmsərhəd ərazilərdə təbiətdə əlavə yemləmənin leşcil ağqartal (Neophron percnopterus), saqqallı quzugötürən (Gypaetus barbatus), keçəl qara kərkəs (Aegypius monachus) və ağbaş kərkəsin (Gyps vulvus) bioekoloji xüsusiyyətlərinə təsiri öyrənilib.

Müəyyən edilib ki, leşyeyən quşların yem bazasının formalaşmasına antropogen mənşəli faktorlar birbaşa və dolayısı yolla təsir göstərir:

"Bu ərazilərdə leşcil ağqartalın, saqqallı quzugötürənin, ağbaş və keçəl qara kərkəslərin yem bazası 2 mənbə hesabına formalaşır. Yem bazasını formalaşdıran birinci mənbəni vəhşi heyvanların, ikinci mənbəni isə ev heyvanının leşləri təşkil edir. Turyançay Dövlət Təbiət Qoruğu və onunla həmsərhəd ərazilərdə 11 növ vəhşi məməli heyvanın sayının (37,7%) və tələf olan ev heyvanlarının leşlərinin azalması (35,5%) ilə əlaqədar olaraq populyasiyalarda fərdlərin və nəsilvermədə iştirak edən cütlərin sayının tədricən dəyişməsinə səbəb olub”./trend.az/

MediaFax