At əti satanlara hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz ət satışı ilə məşğul olmaqda təqsirləndirilən Sərdar Şahverdiyev, Alıbəy Rzaxanov və Tamerlan Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Sərdar Şahverdiyev 6 ay, Alıbəy Rzaxanov isə 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Satış işlərinə nəzarət edən Tamerlan Abdullayev də məhkəmə zalında həbs edilib. O da 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ittiham aktına əsasən, təqsirləndirilən şəxslər Bakıda qanunsuz ət satışı ilə məşğul olmaqda təqsirli bilinərək, polis əməkdaşları tərəfindən saxlanılıb. Onlar ölmüş və xəstə iribuynuzlu heyvanları, həmçinim atları kəsərək, satmaqda təqsirli bilinirlər. Bundan əlavə onlar spirtli içkiləri standartlara uyğun olmadan, qanunsuz yollarla hazırlamaqda təqsirləndirilirlər. 

İttiham aktında qeyd edilir ki, Alıbəy Rzaxanov ət kəsimi müəssisəsinin sahibi olaraq, Sərdar Şahverdiyev isə həmin müəssisənin faktiki rəhbəri olaraq, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, istehlakçıları aldadıblar.

Təqsirləndirilən hər 3 şəxs ittiham aktında göstərilənlərlə özlərini təqsirli bilmədiklərini demişdilər./musavat.com/

MediaFax