Ağsu dolaylarında böyük ərazidə torpaq sürüşməsi olub.
Yolun bir hissəsi dağıldığı üçün nəqliyyatın hərəkəti dayandırılıb və yol bağlanıb.
Sürüşmə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsinin 149-cu kilometrliyində baş verib.
Sürüşmə zonası sayılan bu ərazidə hər güclü yağıntıdan sonra torpaq sürüşməsi daha da aktivləşir. Son bir həftə ərzində yağan güclü qardan sonra ərazidə aktivləşmə daha böyük miqyasda özünü göstərib. Bu gün baş verən sürüşmə nəticəsində yolun hər iki hərəkət zolağının bir hissəsi 40-50 santimetr dərinliyində çöküb. Ümumilikdə sürüşmə zonasının sahəsi 40 metrədək ərazini əhatə edir.
Sürüşmə qeydə alınan hissənin bərpası üçün əraziyə 16 saylı "Ağsu Yol İstismar” MMC-nin texnikası və canlı qüvvəsi cəlb olunub. Hazırda yolda təmizləmə, ilkin bərpa işləri həyata keçirilir. Hazırda nəqliyyat vasitələrinin sürücüləri alternativ yoldan istifadə edir.
Qeyd edək ki, Bakı-Şamaxı-Yevlax magistralının 144-158-ci kilometrlik hissəsi, yəni 14 kilometr ərazi Ağsu aşırımının payına düşür. Həmin dolaylarda 14 aktiv sürüşmə zonası var./APA/
MediaFax