Bir zamanlar "AST" otel, restoran, icarə, ticarət və digər müxtəlif biznes növləri ilə məşğul olan və 30-dan çox şirkəti birləşdirən böyük holdinq idi. Hazırda holdinq mövcud deyil.
Bunu APA-ya müsahibəsində "AST Telman" kimi tanınan azərbaycanlı milyarder Telman İsmayılov bildirib.
O, "AST" şirkətlər qrupunun fəaliyyətini hansı səbəbdən dayandırması barədə suala belə cavab verib:
"Mən öz biznesimi kreditlər cəlb etməklə yaratmışam. Banklar hər hansı bir əmlakın girova qoyulması əsasında kredit verir və mən əsas aktivlərimi - Moskvada üç böyük binanı - "Praqa" restoranını, "İzmaylovo"da ticarət mərkəzini və "Krasnaya Presnya" adlanan ərazidəki ticarət-ofis mərkəzini girov qoymaq məcburiyyətində qaldım. Artıq bir neçə ildir ki, mənə kredit verən bank bu obyektləri əlimdən almaq istəyir. Buna görə də bütün gücümü bu problemin həll olunması istiqamətinə yönəltməli oluram. Bank yalnız mənim aktivlərimi almaq istəmir, həmçinin kreditin tam məbləğini geri qaytarmağımı tələb edir. Bu səbəbdən sözügedən məsələ həllini tapanadək Rusiyada biznesimi tamamilə dayandırmışam."
MediaFax