Nəvəsinin gözü qarşısında keçmiş gəlinini yaba ilə qətlə yetirən şəxs özünü qismən təqsirli bilib və cinayəti namus üstündə törətdiyini söyləyib.
16 il müddətinə azadlıqdan məhrum edilən 52 yaşlı Məlikməmməd Adıgözəlovun məhkəməsində tərəflər arasında əlbəyaxa dava düşüb.
Qətl hadisəsi bu ilin iyul ayında Xaçmaz rayonun Uzunoba kəndində qeydə alınıb. Kənd sakini, 1954-cü il təvəllüdlü Məlikməmməd Adıgözəlov keçmiş gəlini, 1984-cü il təvəllüdlü Rəmziyyə Əbdürrəhmanovanı qətlə yetirib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə M.Adıgözəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Prokuror 20 il cəza istədi...
Prosesdə dövlət ittihamçısı Ramin Nağdəliyev çıxış edərək 31 yaşlı Rəmziyyə Əbdürrəhmanovanı öldürməkdə təqsirləndirilən M.Adıgözəlovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmədə M.Adıgözəlovun vəkili müdafiə çıxışı edib.
O, təqsirləndirilən şəxsin Rəmziyyə Əbdürrəhmanovanı qətlə yetirməsinin səbəblərindən danışıb: "Cinayət işi materiallarından və məhkəmədə ifadə verən şahidlərin dediklərindən aydın olur ki, Rəmziyyə yüngül həyat tərzi yaşayıb. Onun əxlaqsızlıq etməsini qonşuları və qohumları da bilib. Həmçinin hadisə baş verən gün Rəmziyyə Məlikməmməd Adıgözəlovu təhqir edərək onun şəxsiyyətini alçaldıb. Müdafiə etdiyim şəxsi özündən çıxarması bu hadisənin baş verməsinə səbəb olub”.
Vəkil qətlin necə törədilməsini istintaq materiallarına istinadən danışıb: "Rəmziyyə qapını döyərkən Məlikməmməd Adıgözəlov qapını açmağa gəlib. Bu zaman qapının gec açılmasını əsas gətirən Rəmziyyə onu təhqir edib, "cındır” deyib. Onlar arasında mübahisə yaranıb. Məlikməmməd əlində olan yaba ilə Rəmziyyənin başına bir zərbə vurub. Rəmziyyə yerə yıxılsa da Məlikməmmədi söyməyə davam edib və ayağa qalxaraq qaçıb. Məlikməmməd onun arxasınca gedərək ikinci zərbəni, ardınca isə üçüncü zərbəni vuraraq onu öldürüb. Hadisə baş verərkən Rəmziyyənin azyaşlı oğlu Murad da onun yanında olub. Sonra Murad evə qaçıb”.
"Arvadını tövlədə başqa kişi ilə münasibətdə olarkən tutub”
Vəkil onu da açıqlayıb ki, Rəmziyyə təqsirləndirilən şəxsin oğlu Elsevər Adıgözəlovla 2001-ci ildə ailə həyatı qurub. Onlar 2009-cu ildə boşanıblar.
Vəkil elan edib ki, onların boşanmasına səbəb Rəmziyyənin əxlaqsız hərəkətləri olub: "2009-cu ildə Elsever Rəmziyyəni tövlədə başqa kişi ilə münasibətdə olarkən tutub. Onun ailəsinə də məlumat verdikdən sonra ondan boşanıb. Ancaq məhkəmə qərar çıxarıb ki, Rəmziyyə də həmin evdə yaşasın. Son 6 ildə onların arasında bir neçə dəfə mübahisələr yaşanıb”.
Məhkəmədə qətlə yetirilən Rəmziyyənin ailəsini qəzəbləndirən məqam isə vəkilin məhkəməyə 10 nəfər kənd sakini tərəfindən imzalanmış müraciəti təqdim etməsi olub. Vəkil bildirib ki, həmin müraciəti imzalayan 10 kənd sakini Rəmziyyənin yüngül həyat tərzi yaşadığını təsdiq edirlər.
Vəkil həmçinin mərhumun uşaqlarının da analarının yüngül həyat tərzi yaşadığını təsdiq etdiklərini söyləyiblər: "Mərhumun qızları və oğlu istintaqa ifadələrində analarının başqa şəxslərlə münasibətdə olduğunu, məktəbdə barmaqla göstərilərək ələ salındıqlarını deyiblər”.
"Mən ömürlük istəyirəm...”
Məhkəmədə prokurorun Məlikməmməd Adıgözəlova 20 il cəza istəməsinə Rəmziyyənin atası Qabil Əbdürrəhmanov münasibət bildirib. O, cəzanın az olduğunu deyib: "Mən ömürlük istəyirəm. Qızımı necə çürüdüb, öldürdüsə, elə də ölsün”.
Keçmiş gəlinini qətlə yetirən 52 yaşlı Məlikməmməd Adıgözəlova da məhkəmədə son söz verilib.
O, gəlinini namus üstündə öldürdüyünü deyib: "Qonşular da, ailəsi də onun necə biri olduğunu yaxşı bilir. Onu namus üstündə öldürmüşəm. Həmin gün də məni təhqir etdi, özümü saxlaya bilmədim”.
"Bir gecədə hasardan 2-3 nəfər gəlib-gedirdi”
Hadisə ilə bağlı Rəmziyyənin keçmiş əri Elsevər Adıgözəlov isə bunları deyib: "Onu kəndlimizlə evimizin tövləsində tutdum. Anasını çağırıb sözümüzü dedik ki, qızın budur. Boşanandan sonra bir gecədə hasardan 2-3 nəfər gəlib, gedirdi. Bir söz deyə bilmirdik. Qonşular da bir neçə dəfə ona demişdilər ki, özünü yığışdırsın. Spirtli içki qəbul edirdi, siqaret çəkirdi”.
Məhkəmə heyəti yekun qərarı elan etmək üçün müşavirəyə yollanıb. Fasilə ərəfəsində tərəflər arasında əlbəyaxa dava düşüb.
Mərhumun anası Gülbəniz Əbdürrəhmanova həbs edilən şəxsə və qızının keçmiş ərinə "siz necə namussuz adamsınız? Qızıma ayrılan 8 min alimenti verərdiniz. O da oturub, uşaqlarına baxardı. Qızım gecə-gündüz işləyib, uşaqlarını saxlayıb. Siz də deyirdiniz ki, 8 mini verib, Məlikməmmədi həbsdən çıxaracağıq” sözlərini deyib.
Keçmiş kürəkənə 2 yumruq...
"Siz öz qızınızın namusuna baxın, sonra bizə söz deyərsiniz” cavabını alan Gülbəniz Əbdürrəhamanova keçmiş kürəkəni Elsevərin üstünə hücum çəkərək ona iki yumruq zərbəsi vurub. Daha sonra mərhumun atası keçmiş kürəkənini vurmaq istəyib. Digər qohumlar da davaya müdaxilə edib. Tərəfləri məhkəmə nəzarətçiləri sakitləşdirib. Məhkəmə zalında mərhumun azyaşlı oğlu Murad da olub. Yaxınlarının dediyinə görə, qətl hadisəsinə şahidlik edəndən sonra Muradda psixoloji problemlər yaranıb və o, 1 aya yaxın müalicə alıb.
Mübahisə zamanı mərhumun anası Gülbəniz Əbdürrəhmanova keçmiş kürəkənini də qətldə iştirak etməkdə günahlandırıb: "Mən bilirəm ki, qızımı öldürəndə sən də orada olmusan, sən də vurmusan. Bu iş burada qalmayacaq. Sənin də cəzalanmağın üçün əlimdən gələni edəcəm”.
Fasilədən sonra hakim Əhməd Quliyev hökmü elan edib. Hökmə əsasən özünü qismən təqsirli bilən Məlikmməmməd Adıgözəlov 16 il müddətinə azadlıqdan məhrum elan edilib./musavat.com/
MediaFax