Yeni baş nazir kim təyin ediləcək; Fəzail Ağamalı Nazirlər Kabinetinin perspektivi ilə bağlı danışdı...
Azərbaycanda birinci vitse-prezident təyinatından sonra Nazirlər Kabinetinin və baş nazir Artur Rasi-Zadənin taleyi müzakirə edilir. Çoxları vitse-prezidentlik institutu ilə Nazirlər Kabinetinin paralel qurum olduğunu deyərək, büdcəyə qənaət etmək üçün Rasi-Zadənin rəhbərlik etdiyi kabinet üzvlərinin sayının azaldılacağını deyirlər.
Ekspertlərə görə, Nazirlər Kabinetinin ləğvi üçün referenduma ehtiyac olduğundan iqtidar ilk növbədə 21 ildir baş nazir olan, 82 yaşlı Artur Rasi-Zadəni təqaüdə göndərməli olacaq. Yeni baş nazirin kimliyi hər kəsə həm maraqlı, həm də müəmmalıdır.
Amma istənilən halda hakimiyyətin bu dəfə yaşlı deyil, bu postda gənc və ya orta yaşlı birisinə etimad göstərəcəyi bəllidir. Çünki hökumət də zaman-zaman Rasi-Zadənin məhz yaşlı olduğuna görə gündəmə gəldiyinin fərqindədir. Digər tərəfdən, yeni baş nazirin işlək, enerjili, ölkənin daxili situasiyasına dərindən bələd olan birisinin olmasının vacibliyini iqtidar da bilməmiş deyil. Məsələnin maraqlı tərəflərindən biri də odur ki, indiyə qədər ölkənin faktiki ikinci şəxsi sayılan baş nazir bundan sonra bu funksiyadan məhrumdur. Artıq dövlətdə ikinci şəxs I vitse-prezidentdir.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirdi ki, konstitusiyaya ötən ilin sentyabrında edilən əlavə və düzəlişlərdə Nazirlər Kabinetinin ləğvi və baş nazirin vəzifəsinin idarəçilik sistemindən çıxarılması məsələsi qoyulmayıb, konstitusiyada da bu dəyişikliklər öz əksini tapmayıb: "Nazirlər Kabineti və baş nazir postu konstitusiyaya uyğun şəkildə öz fəaliyyətini davam etdirəcək. Bu şübhəsizdir və bunun ətrafında müzakirə aparmağa ehtiyac belə yoxdur. Baş nazir məsələsinə gəlincə, deyə bilərəm ki, bu zaman-zaman gündəmdə olub. Vaxtilə demişəm, bu gün də təkrarlayıram ki, Artur Rasi-Zadənin baş nazir kimi Azərbaycan dövlətçiliyi qarşısında böyük xidmətləri var. O, Azərbaycan dövlətinə, onun azadlığına, söykənmiş olduğumuz ulu öndərin siyasi kursuna son dərəcə sədaqətli olub, siyasi ambisiyalardan çox uzaq olan siyasi və dövlət xadimidir. Onu nə zaman kimin əvəz edəcəyi təbii ki, cənab prezidentin səlahiyyətində olan məsələdir. Heç nə əbədi deyil. O cümlədən, vəzifə də...
Nə vaxtsa Artur Rasi-Zadə də çox çətin və şərəflə yerinə yetirdiyi bu vəzifə ilə vidalaşmalı olacaq. Burada yeni müzakirələr açmağa heç bir ehtiyac yoxdur. Onu demək vacibdir ki, ən çətin anlarda Artur Rasi-Zadə Azərbaycan dövlətçiliyinə və ulu öndərin siyasi xəttinə çox böyük sədaqət nümayiş etdirib. Bunları unutmaq olmaz, unutmaq da lazım deyil. Yaxın zamanlarda, yaxud hansısa bir zaman kəsimində cənab prezident baş naziri əvəzləmək istəyində olsa, bu da ölkə başçısının səlahiyyətindədir. Prezidentin hazırkı komandasında kifayət qədər səviyyəli, savadlı, dövlətçiliyimizə sədaqətli kadrlar var. Bu baxımdan, yetərincə nümunələr mövcuddur. Birinin adını çəkib digərini saxlamağım, məncə, qeyri-səmimi səslənərdi. Müəyyən mənada ölkə başçısının səlahiyyətlərinə qarışmaq kimi görünərdi. Bunu siyasi etikadan da kənar hesab edirəm. Əminəm ki, ölkə prezidenti zamanında bu addımı atanda Artur Rasi-Zadənin göstərmiş olduğu üstün keyfiyyətləri özündə cəmləşdirən və bu baxımdan dövlətçiliyimizi gələcəkdə daha da möhkəmləndirmək üçün səlahiyyətləri çərçivəsində öz vəzifəsini başını aşağı salıb uğurla yerinə yetirəcək şəxsi indiki baş nazirlə əvəzləyəcəyinə şübhəm yoxdur”.
Deputat vitse-prezidentlik institutu ilə Nazirlər Kabinetinin paralel qurumlar olduğu barədə deyilənlərlə də razı deyil: "Kiminsə istəyi, arzusu ilə məsələlər gündəmə gətirilmir. Konstitusiyamızda Nazirlər Kabinetinin olması nəzərdə tutulub və hazırda buna uyğun da qurum vəzifəsini icra edir. Bundan sonra Nazirlər Kabinetinin qalacağına əminəm. Əgər konstitusiyada dediklərim varsa, bu, artıq müzakirə mövzusu deyil. Paralellik məsələsinə gəlincə, I vitse-prezident kimi Mehriban xanımın rus telekanalına verdiyi müsahibəyə baxdım və orada cənab vitse-prezident bütün suallara aydın şəkildə cavab verdi. Bu fikirləri söyləyənlərə tövsiyə edərdim ki, Mehriban xanımın rus kanalına verdiyi müsahibəni diqqətlə öyrənsinlər. O zaman hər şey tam aydın olar. Mehriban xanım vitse-prezident olması və bundan sonra yaranan suallara aydın şəkildə cavab verib”.
MediaFax