Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə verdiyi müsahibədə Nuru Paşa haqqında dedikləri ilə dərin hiddətə səbəb olub.
Partiya sədri həmkarı Yaqub Mahmudovun İrəvanın Azərbaycana qaytarılması ilə bağlı gündəmə gətirdiyi məsələyə münasibət bildirərkən bunun nəinki mümkünsüz olduğunu deyib, üstəlik, erməni bəlasının xalqımızın başına gəlməsində Osmanlı İmperatorluğunu suçlayıb. Onun müzakirə obyektinə çevrilən fikirləri bunlardır: "Ermənistan öz sərhədləri çərçivəsində BMT-yə üzv olub. Heç kim icazə verməz ki, biz İrəvanı geri alaq. Burada ayrı bir məsələ var. Biz bunu mütləq dərsliklərə salmalıyıq. Uşaqlarımız, gənclərimiz bilsinlər ki, ”erməni qara yarası"nı Azərbaycanın bədəninə Osmanlı İmperatorluğu salıb. Türkiyə isə Osmanlı İmperiyasının cinayətlərinə görə cavab vermək fikrində deyil. 1915-ci ildən sonra osmanlılar öz paxırlarını ört-basdır etmək üçün Azərbaycan ərazilərində Ermənistan dövlətinin yaranmasına şərait yaratdı. Halbuki Azərbaycan o zaman bütün ümidlərini Osmanlıya bağlamışdı. Amma Osmanlı İmperiyası Azərbaycanın acizliyini görüb, ingilislərin xoşuna gəlmək üçün 9 min kvadrat kilometr ərazini Ermənistana verdi. Sazişdə yazılmışdı ki, daha ermənilər bir qarış torpağa da iddia etməyəcəklər".
Araz Əlizadə Bakını xilas edən və Cümhuriyyətimizin mövcud olmasında böyük əməyi olan türk komandanı Nuru Paşanın da əleyhinə ifadələr işlədib.
Ölkə.Az xəbər verir ki, məsələyə Araz Əlizadənin deputat həmkarı Adil Əliyev də biganə qalmayıb. O, A.Əlizadəni tarixin öhdəliyinə buraxıb:
"Son günlər başım kikboksinq üzrə ölkə çempionatına qarışdığı üçün mətbuatda Türkiyə və Nuru Paşa əleyhinə səslənən fikirləri izləyə bilməmişdim. Ancaq bu cür təbliğat aparanlara qısa olaraq belə cavab verərdim. Qəhrəman Nuru Paşa və Qafqaz-İslam Ordusu türk xalqının qəlbinə dərin iz buraxıb. Təəssüflər olsun ki, bəzi səy-səy fikirlər deyib gündəmə gəlmək istəyən sapı özümüzdən olan baltalar olmasa biz daha da irəli gedə bilərdik. Həmin qüvvələr unutmasınlar ki, gec-tez Türk Birliyi güclənəcəkdir və, tarix belə insanları öz siyahısından siləcəkdir".
MediaFax