“Aprel şəhidləri” ilə bağlı niyə filmlər çəkilmir? - Araşdırma

Bu il aprel ayının əvvəllərində cəbhədə baş verən "4 günlük müharibə” nəinki Azərbaycan cəmiyyətində, eləcə də, regionda canlanma yaratdı.
 
Azərbaycan Ordusunun qətiyyətli mövqeyi düşmənə sarsıdıcı zərbə vurdu. Xeyli sayda şəhid verməyimizə baxmayaraq, dövlət və xalq olaraq,  "igidlər ölməz, vətən bölünməz” şüarını  uca tutduq.

Adətən müharibə vaxtı arxa cəbhə daha çox iş görür. Yaradıcı insanlar bütün səylərini ön cəbhə döyüşçülərini ruhlandırmağa yönəldir. Yeni əsərlər yazılır, mahnılar bəstələnir, filmlər lentə alınır.

Təəssüfedici məqam odur ki, "4 günlük müharibə”ni filmin yaddaşına çevirmək istəyən rejissorlarımız yoxdur.

"Aprel şəhidləri”ndən bəhs edən epizodları niyə yaddaşımızın lentinə köçürə bilmirik?

Saytımız "aprel hadisələri”ndən bəhs edən filmlərin olmamasının səbəblərini araşdırmağa çalışıb.  

Tanınmış kinorejissor Əbdül Mahmudov deyir ki, bunun üçün mütləq dövlət dəstəyi olmalıdır.

"Əvvəla kino çəkilişini dövlət plana salmalıdır. İkincisi, plana salınandan sonra ssenari yazılmalı və ondan sonra film üzərində işə başlanılmalıdır. "Aprel hadisələri”ndən bəhs edən filmlərin çəkilməsi üçün də dövlət tərəfindən maddi dəstək olmalıdır. Neçə illərdir ki, Xurşudbanu Natəvan, Nəsimi, Babək haqqında hazır ssenarilərə filmlər çəkilir. "Aprel hadisələri”ni isə lentə almaq olmur. Əvvəla rejissor icraçıdır. Ssenari yazılmalı, maddi dəstək olmalıdır  ki, filmlər də çəkilsin. Bu səpkidə ən böyük işi prezident özü görür. Dünya qarşısında ortaya faktlar qoyur, ittihamlar irəli sürür”.

Tanınmış jurnalist Aida Eyvazlı "aprel hadisələri”ndən bəhs edən kitab üzərində işləyir. Onun sözlərinə görə, görüşdüyü şəhid ailələri də bu mövzuda filmlərin çəkilməsini istədiklərini deyiblər.

"Əlbəttə, mənimlə hansısa rejissor işləsə, çox böyük həvəslə o kitabın sənədli film formasını da hazırlayardım. Bəzi şəhid ailələri var ki, onlar artıq bir neçə mini film çəkdirib. Nə filmlərin çəkilməsinə vəsait xərcləyən var, nə də bu barədə düşünən. Bu qəhrəmanlıq tariximizi  televiziyalarımızdan və Müdafiə Nazirliyində olan arxiv lentlərdən istifadə etməklə ictimailəşdirmək olar.

Nəinki mən, hətta hər bir şəhid ailəsi o döyüşlərin ekranlaşdırılmasını istəyir. Əvvəla indi güclü rejissorları heç yerdə işlə təmin etmirlər, inincisi də, vətənpərvərlik mövzusu arxa plana keçib. Bizim vətənpərvərliyimizi "aprel hadisələri” oyatdı. Amma ardınca da şəhid ailələrinin əksəriyyətinə qarşı olunan haqsızlıqlar, onların problemlərinə göz yumulması, sanki insanlarda 25 il yatan hisləri yenə də mürgüləməyə vadar etdi”.
 
Aida Eyvazlı, prezidentin vətənpərvəliklə bağlı fikirlərini də diqqətə çatdırıb.

"Mübariz İbrahimov və Fərid Əhmədovu dəfn edərkən cənab prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edib dedi ki, bizim televiziyalarda hərbi-vətənpərvərlik mövzuları genişləndirilməlidir. 

Sanki hansısa bir əl içəridən girib, vətənpərvərlik mövzusunu işləməyə qoymur. Əslində bizdə milli ideologiyanı öldürmək yönümündə güclü və gizli təbliğat gedir. Lakin neyləsələr də bizim milli və vətənpərvərlik ruhumuzu öldürə bilməyəcəklər. Yəqin ki, bir gün telekanallar ucuz müğənniləri müzakirə etməkdən yorulub, qəhrəmanlarımız Raqufu, Vuqarı, İnqilabı, Əbdülməcidi də xatirlayacaqlar. Onda biz Vətən torpaqlarını da asanlıqla azad edəcəyik”./modern.az/

MediaFax