Aprel döyüşündən daha dəhşətli savaş yaxınlaşır - General Aydəmirovdan şok xəbərdarlıq

"Yaxın vaxtlarda Ermənistan-Azərbaycan qoşunlarnın təmas xəttində vəziyyət çox gərginləşəcək. Bu dəfə əməliyyatlar ötən ilin aprelində olduğundan daha genişmiqyaslı olacaq".

Bu barədə Milli.Az-a hərbi ekspert, general-leytenant Yaşar Aydəmirov son həftələrdə cəbhədə yaranmış vəziyyəti və düşmən qüvvələrinin hərəkətləri barədə əldə edilən kəşfiyyat məlumatlarını şərh edərkən deyib.

Generalın fikrincə, erməni təxribatlarının əsas məqsədi apreldə Ermənistanda keçiriləcək parlament seçkiləri öncəsi ictimiayyətin diqqətini yayındırmaqdır: "Ermənistan iqtidarı öncədən bilir ki, hazırkı şəraitdə onlar seçkilərdə lazımi nəticələri əldə edə bilməyəcək. Ona görə də istəyirlər ki, bu seçkilər ümumiyyətlə keçirilməsin. Ona görə də Dağlıq Qarabağ cəbhəsində vəziyyəti süni şəkildə gərginləşdirərək belə bir fikir yaratmaq istəyirlər ki, vəziyyət çox gərgindir, seçkiləri təxirə salmaq lazımdır. Fikrimcə, Ermənistanın hərbi-siyasi rejimi xalqı xoflandırıb qorxutmaq, başını aldatmaq istəyir. Bilirlər ki, ölkədə narazılıq həddən artıq yüksək səviyyədədir. Erməni cəmiyyətində böyük narazılıq var, xalq sakitləşmək istəmir. Çünki hansı sahədə desən, vəziyyət bərbaddır. Böhran Ermənistanı fəlakət səviyyəsinə çatdırıb. Bu səbəbdən də Ermənistan rəhbərliyi başqa çıxış yolu tapmadığından buna əl atır. Hətta iş o yerə çatıb ki, keçmiş müdafiə naziri Seyran Ohanyan da iqtidara qarşı çıxış edir və problemlərin olduğunu açıq şəkildə deyir".

General Aydəmirovun fikrincə, bütün bunları, eləcə də ermənilərin ötən ilin aprel hadisələrinə görə revanş almaq istəyini də nəzərə alsaq, demək olar ki, bütün hallarda qarşıdakı həftələrdə, bəlkə də günlərdə cəbhədə vəziyyət gərginləşəcək:

"Vəziyyət gərginləşəcək. Əgər ermənilər çox təxribat törətmək istəsələr, yəqin ki, bizim Silahlı Qüvvələrimiz buna kəskin cavab verəcək. Baxmayaraq, erməni silahlı birləşmələri artilleriya sistemlərini və digər iriçaplı texnikanı bizim müdafiənin ön xəttində cəmləşdirirlər, Azərbaycan tərəfi buna görə lazımi sarsıdıcı zərbə endirə biləcək. Əgər aprel döyüşləri ilə müqayisə etsək, bu dəfə əməliyyatlar qısa müddətli olmayacaq. Bu dəfə döyüşlər zaman baxımından daha uzun müddətli olacaq, eyni zamanda ali baş komandan və ordu rəhbərliyi tərəfindən verilən tapşırıqlar daha da dərinləşdiriləcək, miqyası genişləndiriləcək".

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri tərəfindən təxribatların intensivləşməsi ilə əlaqədar, eləcə də müdafiənin ön xəttində bölmələrimizin döyüşə hazırlıq səviyyəsinin yerində qiymətləndirilməsi məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonaya səfər edib.

MediaFax