ANS ÇM radiosu ilə bağlı şikayət verildi

"ANS Yayım və Media” Şirkəti Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən ANS ÇM radiosunun lisenziyasının ləğvi ilə bağlı çıxardığı və Bakı Apellyasiya Məhkəməsinin qüvvədə saxladığı qərardan kassasiya şikayəti verib.

Ali Məhkəmədə keçiriləcək iclas aprelin 19-na təyin edilib.

İşə hakim Azər Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, MTRŞ-nin ötən il iyul ayının 18-də keçirdiyi iclasında Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq "ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq ANS ÇM-ə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edilib. Daha sonra ANS ÇM məhkəməyə müraciət edib. Şirkət ANS ÇM-in lisenziyasının ləğv edilməsi ilə bağlı qərarın ləğv olunmasını və MTRŞ-dan 1 milyon manat tələb edib.

"ANS Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurası MTRŞ tərəfindən ANS ÇM radiosunun lisenziyasının ləğvi ilə bağlı çıxardığı qərardan 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Hakim Müseyib Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edib. Qərara əsasən, ANS-in iddiası və ərizəsi təmin edilməyib. Bundan sonra ANS apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib./report.az/

MediaFax