ANS-in adından fırıldaqçılıq edənlər... - Foto

ANS PRESS-in "işçilərinin" çəkilişlərə getməsi üçün "İnstagram" da pul yığmaq üçün elan da verilib
 
Bu yay lisenziyası ləğv edildiyi üçün fəaliyyəti dayandırılan ANS televiziyasının adından sui-istifadə halları başlayıb. İstiPress-in məlumatına görə, naməlum şəxslər ölkənin ən məşhur xəbər portallarından biri olan ANS PRESS-in adından sosial şəbəkə istifadəçilərindən qanunsuz yolla vəsait toplamağa başlayıblar. 

Bu barədə hətta ANS PRESS-in adı ilə açılan "İnstagram" səhifəsində də elan verilib. 17 minə yaxın istifadəçisi olan və müxtəlif xəbərlərin paylaşıldığı saxta adla açılan səhifədə yayılan elanda belə yazılıb: "Hörmətli izləyicilər anspress.ws saytımızın aktiv olması və mobil cihazlar üçün hazırlanmaqda olan tətbiq etməyə maliyyə baxımından dəstəyinizə ehtiyac var... İşçilərimiz könüllü olduqlarından onların hadisə baş verən yerə yollanmaları üçün yol xərcləri qarşılanmalıdır. Bunun üçün sizlərdən yardım istəyirik..."

Elanda həmçinin qeyd edilib ki, ödənilən hər bir məbləğ qarşılığında - həmin şəxsin istəyinə uyğun olaraq profil səhifədə yayımlanır (video material hazırlanır, fikirləri öyrənilir).

ANS-in adından istifadə edən dələduzlar ödənişlərin real şəkildə nağd həyata keçirildiyini qeyd ediblər. Bundan başqa kimlikləri bilinməyən naməlum şəxslər, iyul ayının 18-dən etibarədən ölkə ərazisində yayımı dayandırılan ANS PRESS saytının aktiv olunması üçün  imza topladıqlarını da iddia ediblər. İmzaların ofisdə toplandığı yazılsa da, xəyali ofisin yeri, ünvanı bəlli deyil.

Maraqlıdır ki, səhifədə əlaqə vasitəsi kimi telefon nömrəsi də qoyulub. Lakin qeyd edilən nömrə ilə əlaqə saxlamaq cəhdlərimiz boşa çıxdı. Belə ki, qeyd edilən nömrəyə cavab verən yoxdur.

Ümid edirik ki, qanunsuz yolla insanları aldadan, onların etimadından, 25 il ölkəyə xidmət edən kanalın adından istifadə edərək fırıldağa əl atanlar ən yaxın zamanda öz cəzalarını alacaqlar. 

İctimaiyyətdən bu mövzuda diqqətli olmaları tövsiyyə olunub.Hazırda səhifənin qapadılması üçün işlər aparılır.
 


MediaFax