18 iyul 2016-cı il tarixində ANS telekanalının yayımı dayandırılıb.
ANS TV-nin yayımı dayandırıldıqdan sonra onun onun əməkdaşları bir müddət gözlədilər ki, bəlkə yenidən efirə qayıdarlar... Amma deyəsən ümid artıq ölüb.. ANS əməkdaşları tədricən özlərinə yeni iş yerləri tapmaqdadırlar.
ANS-çilərin harda məskunlaşdıqlarını öyrənməyə çalışdıq.
ANS Şirkətlər Qrupunun prezidenti, tanınmış rejissor Vahid Mustafayev hazırda yeni cizgi filmlərinin çəkilişilə məşğuldur.
ANS-in vitse-prezidenti Mirşahin Ağayev hələ ki heç bir yerdə çalışmır, gözləyir...
ANS telekanalının keçmiş aparıcısı Rita Ömərova fəaliyyətini APA TV-də davam etdirir.
Telekanalın "İç xəbər” verilişinin layihə rəhbəri olmuş Zənurə Talıbova İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində fəaliyyət göstərir. O, burada PR menecer kimi fəaliyyət göstərir.
ANS-in keçmiş aparıcıları Rəşad Abbasov, Əfsanə Mehdiyeva, Samir Cabbarov, Natavan Babayeva, Röya Bənənyarlı AzTV-də çalışırlar.
Digər keçmiş əməkdaşlar Vüsal Süleyman, Kəmalə Əlisgəndərqızı, Məmmədağa Vəliyev, Azər İsrafilov, Vəfa Təyyarqızı, Sevinc Eminzadə "İnterAz” TV-də işə başlayıblar. Kəmalə Əlisgəndərqızı "İnterAz”ın Xəbərlər bölməsinin rəhbəri təyin edilib, Vüsal Süleyman isə idman bölməsindən siyasət bölməsinə keçirilib.
Aparıcı Vəfa Şəhlayi peyklə yayımlanan CBC telekanalında işləməyə başlayıb. Xatırladaq ki, o, ANS-də "Hesab vaxtı" verilişinin aparıcısı və növbə rəhbəri olub.
ANS-də bir neçə proqramın aparıcısı və redaktoru olmuş İlkin Kərimov "ASAN radio”da fəaliyyətə başlayıb. O, burada "Xəbərlər” proqramının aparıcısı və redaktoru kimi fəaliyyət göstərir..
ANS TV-nin "Şəbəkə” verilişinin aparıcısı Rahil Sayadoğlu xeyli vaxtdır ARB TV-də "Pəncərə” adlı proqram açıb.
Digər keçmiş ANS-çi Afət Rahilqızı da ARB-də "Afətlə çıxış yolu" adlı verlişlə efirə çıxır.
ANS-dən ayrılan digər aparıcı Natiq Nailəoğlu da başqa verilişlə ARB TV-də çalışır.
ANS-in həm Türkiyədəki təmsilçisi, həm də müxbir məntəqəsinin rəhbəri olmuş Pərviz Sultansoy hazırda özünün Turkaznews.com saytını işlədir.
"ANS”-də "Şou biz” verilişinə aparıcılıq edən Xanım Eynullayeva "Lider”də işləyir. O, bu telekanalda "Zövq savaşı” adlı verilişin redaktorudur.
Keçmiş ANS-çilərindən Sevda Həsənova, Turab Səttarov, Eldəniz Elgün və digərləri ANS-in açılmasını gözləməklə yanaşı, İstipress.com saytında fəaliyyət göstərirlər./modern.az/