12:51
Ağcabədi rayon Rəncbərlər kənd sakini, 1985-ci il təvəllüdlü Qaraşova Təzəgül Əliş qızı ötən gecə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasının Doğum Evinə daxil olub.
Doğuş zamanı əvvəlcə ana, daha sonra dünyaya gətirdiyi körpə həyatını itirib.
Faktla bağlı rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
-------------
14:37
Ağcabədi rayonunda doğuş zamanı baş verən ana və körpə ölümünün ilkin səbəbi məlum olub.
Ağcabədi Mərkəzi Rayon Xəstəxanasından (MRX) verilən məlumata görə, Qaraşova Təzəgül Əliş qızının ölümünə preeklampsiya və böyrək çatışmazlığı səbəb olub.
Xəstəxanaya çatdırılan 32 yaşlı qadın qeysəriyyə əməliyyatı ilə 2, 100 qram çəkidə qız uşağı dünyaya gətirib. T. Qaraşova əməliyyatdan sonra vəfat edib. 9 aylıq hamiləlik dövrü tamamlanmadığı üçün doğulan körpənin Sabirabad rayon Perinatal Mərkəzinə aparılmasına qərar verilib. Körpə mərkəzə aparılarkən yolda ölüb.
Ağcabədi MRX-dan onu da bildiriblər ki, bu, T.Qaraşovanın 3-cü hamiləliyi olub. Bundan əvvəl iki dəfə onun hamiləliyi vaxtından əvvəl başa çatdığı üçün körpələr ölüb.
Qeyd edək ki, hadisə ötən gecə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasının Doğum evində baş verib.
Ağcabədi rayon Rəncbərlər kənd sakini, 1985-ci il təvəllüdlü Qaraşova Təzəgül Əliş qızı və onun dünyaya gətirdiyi körpə həyatını itirib.
Faktla bağlı rayon Prokurorluğunda araşdırmalara başlanılıb./APA/