Amerikalıların Tramp qorxusu...

ABŞ prezidentliyi uğrunda seçkilərə 1 aydan bir qədər çox müddət qalıb.

Bu gün isə seçkiqabağı kampaniyanın bəlkə də ən mühüm mərhələsinə, namizədlər arasında debatların keçrilməsinə start verilir.
 
Hillari Klinton və Donald Tramp artıq fikirlərini mitinqlərdə, tərəfdarları qarşısında deyil, üzbəüz, birbaşa söyləmək imkanına malik olacaqlar.

Siyasi ekspertlər bu debatların namizədlərin reytinqinə həlledici təsir göstərə biləcəyini söyləyirlər. Namizədlər bu debatlarda seçicilər qarşısında öz imiclərini düzəltməyə çalışacaqlar.

Buna isə ən çox respublikaçı Donald Trampın ehtiyacı var. 

The Associated Press-GfK-nın keçirdiyi rəy sorğularının nəticələri milyarder namizəd üçün xoşagəlməz sayılmalıdır.

"Kommersant” qəzetinin yazdığına görə, rəyi soruşulanların 56%-i Donald Trampın ABŞ prezidenti seçilməsi perspektivinə qorxu və təşvişlə yanaşdığını bildirib.

Şirkətin 1694 nəfər arasında keçirdiyi sorğu onu göstərir ki, Trampın immiqrasiya və başqa məsələlər barəsində radikal çıxışları əksər iştirakçıları bərk qorxudub.

Respondentlərdən biri, 66 yaşlı respublikaçı Maykl de Luiz bunu söyləyib: "Biz Donald Tramp məsələsində olduqca qayğılıyıq. Əvvəllər başqa ölkələrin liderlərinə baxdığımız zaman "biz onlardan deyilik”, - deyərək ağzımızı büzərdik. İndi isə bu sözü söyləməyə haqqımız yoxdur”.

Respondentlərin sadəcə 29%-i Trampın seçiləcəyinə şad olacağını, 24%-i isə bundan qürur hissi keçirəcəklərini bildiriblər.

Rəyi soruşulanların 25%-i Trampı " azacıq da olsa dürüst” saydığını söyləyib. Trampı irqçi saymayan rəyverənlər isə fikri soruşulanların cəmi 1/3-ni təşkil edib.

Bütün bunlara rəğmən Hillari Klintonun da reytinqləri heç o qədər ürəkaçan deyil. Demokrat namizədə rəğbət bəsləyənlərin sayı 39%-i keçməyib.
 
Respondentlərin 56%-i isə xanım Klinton haqqında olduqca ziddiyyətli hisslər içərisində olduqlarını söyləyiblər.

Klintonu təsəlli edən yeganə fakt Trampa nisbətən ondan daha az adamın qorxmasıdır (44%).

Bundan başqa, sorğuda iştirak edənlərin yarısı Klintonun prezidentliyə daha hazırlıqlı və səriştəlil olduğu barədə rəy bildiriblər. Tramp haqqında eyni fikirdə olanların sayı isə 30%-i keçməyib.

Siyasi analitiklərin fikrincə, "Tramp qorxusu” Hillari Klintona məhz seçki günü olduqca lazım ola bilər. Ekspertlərin rəyinə əsasən Hillari Klintona veriləcək səslərin böyük əksəriyyəti məhz Trampın əleyhinə verilmək istəyən səslər olacaq./musavat.com/

MediaFax